Gec də olsa... - Azərbaycan-Gürcüstan birgə universiteti ideal variantdır

Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Məlumata görə, Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib.  

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov məlumat verib.  O bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır:

“Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur. Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub. Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir”.



Zəlimxan Məmmədli: “Yaradılacaq olan birgə ali məktəb soydaşlarımızın öz vətənlərinə bağlanmaları, həm də Gürcüstanda yüksək ixtisaslı kadrların yetişməsi üçün bir baza rolunu oyanaya bilər


“Borçalı Cəmiyyəti” ictimai birliyinin sədri Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ideyası ilk olaraq rəhbərlik etdiyi təşkilata məxsus olub.

Onun sözlərinə görə, birgə ali məktəbin yaradılması təqdir olunamlıdır:

“2010-cu ildə o zamankı Gürcüstan hakimiyyəti ilə aktiv dialoqlarımız var idi. O zaman bu ideyanı irəli sürdük. Çox maraqlı idi ki, Gürcüstanın həmin dövrdəki hakimiyyəti bu ideyanı qəbul etdi və rəsmi törən keçirildi. Bu tədbirdə Azərbaycan rəsmiləri də iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, Azərbaycan ali məktəbin tikilməsi üçün müəyyən vəsait qoymalıdır. Təbii ki, biz rəsmi səviyyədə aidiyyəti qurumlara müraciət elədik. Amma təəssüf ki, bu iş reallaşmadı. O zaman ideya belə idi ki, Gürcüstanda Azərbaycan-Gürcüstan ortaq dövlət univeristetinin tikilməsi və bu universitetdə həm gürcü, həm də Azərbaycan dövləti avtoritet olmaqla təhsilin iki dildə olması şərti ilə qarşılıqlı inteqrasiyaya dəstək verilsin. Elmlər Akademiyasına, o cümlədən dövlətə müraciət elədik ki, həmin universitetin yaranacaqğı təqdirdə Azərbaycan elm ocaqları həmin universitetə himayədarlıq etməlidirlər. Övladlarımız Gürcüstanda oxumalı və orada yataqxana kompleksində qalmalıdırlar. Eyni zamanda ali təhsildən sonra elmlə məşğul olmaq istəyənlər birbaşa elmi tədqiqata cəlb olunmalıdır. Beləliklə də Azərbaycan akademiya sistemi onlara nəzarət etməlidirlər. Yəni, oradakı insanlarımız da gürcü və ingilis dilini öyrənməlidir və paralel olaraq orada elmi işlə məşğul olmalıdır”. 

Z.Məmmədli qeyd edib ki, yaradılacaq olan birgə ali məktəb soydaşlarımızın öz vətənlərinə bağlanmaları, həm də Gürcüstanda yüksək ixtisaslı kadrların yetişməsi üçün bir baza rolunu oyanaya bilər:

“O cümlədən, zaman-zaman bəyənat verirdilər ki, müəllimlər çatışmır. Bu problem də həllini tapa bilər. Düşünürəm ki, indiki vaxtda Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələni gündəmə gətirirsə, bu, təqdir edilməlidir. Gec də olsa bütün hallarda ən ideal varinatlardan biri budur ki, bir yerdə elmi səviyyəli, müasir tələblərə cavab verən bilikli gənclik yetişdirə biləriksə, Borçalı adlı problemin həllinin əsas hissəsi tapılmış olur”.