Azəbaycan Milli Elmlər Akademiyasınn (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumdan narazılıq edib. Akademik deyib ki, AMEA mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir:
“Akdemiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi AMEA bu məsələlərdən kənarda qalıb”.
Akademiyanın həqiqi üzvü, akademik Nizami Cəfərov Sherg.az-a bildirib ki, R.Mehdiyevin dediklərində müəyyən həqiqətlər var:
“Mən də ümumi iclasda iştirak edirdim. İclasda geniş müzakirələr aparıldı. Əlbəttə, AMEA son on ildə çox inkişaf edib. Bunu əldə edilən nailiyyətlər də sübut edir. Ancaq inkişaf arzuolunan səviyyədə deyil. Elm təcrübənin üzərində qurulur. Təcrübənin həyata keçirilməsi üçün isə lazımi avadanlıqlar, texniki vasitələr olmalıdır. Biz hamımız bilirik ki, AMEA bu cəhətdən ideal səviyyədə deyil. Nəticədə gənc mütəxəssislərin əksəriyyəti ya öz fəaliyyətlərini istehsalatda davam etdirir, ya da xaricə üz tuturlar”.
R.Mehdiyev həmçinin onu da deyib ki, dövlət hər il AMEA-ya böyük məbləğdə vəsait ayırsa da, əvəzində heç bir fayda əldə etmir.
N.Cəfərov buna münasibətdə isə qeyd edib ki, görülən işlər ayrılan vəsaitə adekvat olmalıdır:
“Ümumiyyətlə, elm vəsait tələb edir. Hər halda müəyyən qədər vəsait ayrılmalıdır ki, araşdırmalar aparılsın, yeni tədqiqatlar təqdim olunsun. Lakin bu məsələdə diqqəti ayrılan pula yox, görülən işlərə yönəltmək lazımdır. Bəlkə də, AMEA-ya daha çox vəsait sərf etmək olar. Amma nəticəsi olmayandan sonra bu, heç bir əhəmiyyət daşımır.
Akademik təklif edib ki, bütövlükdə AMEA-ya yox, ayrı-ayrı elm adamlarının maliyyələşdirilməsi daha məqsədəuyğundur:
“Bu, həm də stimullaşdırıcı rol oynaya bilər. İnsanların istedadına qiymət vermək lazımdır. Elm yaradıcılıq üzərində qurulub. Yalnız yaradıcı insanlar elmdə hansısa bir yenilik edə bilərlər. Belələri kifayət qədərdir. Məncə, ayrılan vəsait elm adamları arasında onların yaradıcılıq qabiliyyətlərinə uyğun bölünməlidir. Belədə nəticə daha yaxşı olar”.
Kənan Novruzov