Özəl universitetlərə güvənsizlik var: Tələbələrə bu yolla zəmanət verilməlidir - TƏKLİF

Tanınmış təhsil eksperti Kamran Əsədov özəl ali təhsil ocaqları ilə bağlı maraqlı təklif irəli sürüb. 

Sherg.az-ın xəbərinə görə, K.Əsədov deyib ki, müstəqillik dövründə ölkəmizdə fəaliyyət göstərən universitetlərin bağlandığını, orada təhsil alan tələbələrin bəzi hallarda kənarda qaldığının, müxtəlif forma və məzmunlu problemlərin yaşadığının şahidi oluruq: 

“Vətəndaş qeyri-məmnunluğu və nəticədə inamsızlıq, güvənsizlik fobiyası formalaşır. Hətta qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı az bal toplayan abituriyentlər belə ixtisas seçimi zamanı özəl ali məktəbləri seçməkdə tərəddüd edirlər. Əsas səbəb də, bu, universitet bağlana bilər, tələbələr üçün narahatlıq yaranar, “o qapı sənin, bu qapı mənim çətinliyi”, bürokratik əngəllər ehtimallarıdır. Əslində haqlı narahatlıqdır, əfsus ki, xoş olmayan təcrübəyə söykənir”.



Kamran Əsədov: “Mövcud olan təhsil müəssisələri özlərinə qarant olan, zamin olan digər bir təhsil müəssisəsi müəyyənləşdirsinlər”


Ekspert təklif edib ki, Təhsil haqqında qanuna və lisenziya verilmə qaydalarına bununla bağlı müəyyən dəyişikliklər və əlavələr edilsin: 

“Bu təkcə universitetlər üçün deyil, kollec və liseylər üçün də keçərli olsun. Təklif etdiyim dəyişiklik odur ki, mövcud olan təhsil müəssisələri özlərinə qarant olan, zəmanət verən, zamin olan digər bir təhsil müəssisəsi müəyyənləşdirsinlər. Yəni, sabah bu universitet, kollec, lisey müxtəlif səbəblərdən bağlananda, fəaliyyəti dayandırıldıqda onun təhsil alan kontingenti təhsilini adi və sadə prosedur qaydaları ilə hansısa digər müvafiq təhsil müəssisəsində davam etdirsinlər. Hətta akkreditasiyadan keçmə zamanı bu amil xüsusi ilə nəzərə alınsın”.