Tanınmış təhsil eksperti Kamran Əsədov özəl ali təhsil ocaqları ilə bağlı maraqlı təklif irəli sürüb. O, bildirib ki, müstəqillik dövründə ölkəmizdə fəaliyyət göstərən universitetlərin bağlandığının, orada təhsil alan tələbələrin bəzi hallarda kənarda qaldığının, müxtəlif forma və məzmunlu problemlərin yaşadığının şahidi oluruq.
Ekspert təklif edib ki, Təhsil haqqında qanuna və lisenziya verilmə qaydalarına bununla bağlı müəyyən dəyişikliklər və əlavələr edilsin:
“Bu təkcə universitetlər üçün deyil, kollec və liseylər üçün də keçərli olsun. Təklif etdiyim dəyişiklik odur ki, mövcud olan təhsil müəssisələri özlərinə qarant olan, zəmanət verən, zamin olan digər bir təhsil müəssisəsi müəyyənləşdirsinlər. Yəni, sabah bu universitet, kollec, lisey müxtəlif səbəblərdən bağlananda, fəaliyyəti dayandırıldıqda onun təhsil alan kontingenti təhsilini adi və sadə prosedur qaydaları ilə hansısa digər müvafiq təhsil müəssisəsində davam etdirsinlər. Hətta akkreditasiyadan keçmə zamanı bu amil xüsusi ilə nəzərə alınsın”.
Nabatəli Qulamoğlu: "Tələbə hansı balla ali məktəbə qəbul olubsa, həmin balla da başqa ali məktəblərdəki fakültələrə yerləşdirilsin"
Təkliflə bağlı fikirlərini Sherg.az-la bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, təhsil müəssisələrinin özlərinə zamin olan digər təhsil müəssisəsini müəyyənləşdirməsi yalnız qanunla tənzimlənməlidir:
“Qanunda olmasa, iki təhsil müəssisəsi qarant olaraq müqavilə bağlaya bilməz. Çünki bu “Təhsil haqqında qanun”a ziddir. Ölkəmizdə bir neçə dəfə belə mənfi təcrübə yaşanıb. Düşünürəm ki, artıq belə neqativ təcrübələr olmayacaq. Yəni ali təhsil ocaqları bağlanmayacaq”.
Ekspertin sözlərinə görə, tələbələrdə güvən yaratmaq üçün ən optimal varinat onlara azadlıq verilməsidir:
“Müvafiq ali məktəb hansısa səbəbdən bağlanırsa, oradakı tələbələrin heç bir günahı yoxdur. Həmin tələbələrin hüququ var ki, hansı balla ali məktəbə qəbul olubsa, həmin balla da başqa ali məktəblərdəki fakültələrə yerləşdirilsin. Tələbələrimizə bu hüququ vermək lazımdır. Əsas məsələ isə “Ali təhsil haqqında qanun”da həmin hüququ təsdiq etməkdir. Qəbul olan hər bir tələbə arxayın olsun ki, oxuduğu ali məktəbdə hər hansı bir hadisə baş verərsə, başqa ali məktəbə daxil olub təhsilini davam etdirə bilər. Ən optimal varinat budur. Yoxsa hansısa məktəblər arasında müqavilə bağlanması yaxşı varinat deyil. Bəlkə həmin təhsil ocaqlarının ikisi də birdən bağlandı, onda necə olacaq? Ona görə də bu təklifi yetərli hesab etmirəm”.