Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovun tələbələrə məcburi forma aldırması və buna görə işdən qovulması ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, həmin formanı tələbələr 120-190 manata alıblar.
O qeyd edib ki, forma fakültənin bütün tələbələrinə satılıb:
“Tələbələr hansısa bir tikiş sexinə yönləndiriliblər və oradan da alıblar. Belə hal əvvəlki rəhbərliyin dövründə də olub. Yeni rəhbərliyin dövründə isə davam etdirilib. Dəfələrlə xəbərdarlıq edilib ki, heç bir universitet fakültəsi xüsusi hərbi geyib forması hazırlayıb tələbələrə məcburi geyindirə bilməz.
Tələbələrə məcburi aldırılan geyim xüsusi hərbi geyim formasıdır. Rəhbərliyin qərarı olmadan tələbələrə belə geyim geyindirmək olmaz”.
Mövzunu şərh edən təhsil eksperti Kamran Əsədov isə deyib ki, orta məktəblərdə olduğu kimi, ali məktəblərdə də ümumi geyim tələb edilməsi mümkün deyil. Forma yalnız xüsusi təyinatlı, hərbi təhsildə ola bilər:
“Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Çünki dərsə normadan kənar geyinib gələn tələbə digərlərinin də fikrinin dərsdən yayınmasına səbəb ola bilər.
Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Amma hər bir şəxs – tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir”.
K.Əsədov bildirib ki, universitet üçün özünə yeni paltar alan tələbəyə yenidən xüsusi forma aldırılması düzgün deyil:
“Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır. Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin qərar qəbul etməyi doğru hesab etmirəm.
Lakin düşünürəm ki, “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanmalıdır. Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynov fakültə tələbələrini xüsusi hərbi geyim almağa məcbur edib. Bu səbəbdən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev dekanı vəzifəsindən azad edib.