İmtahana buraxılışda ciddi yoxlama: Bakalavrların ayaqqabıları da çıxarıldı

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə daxil olmaq istəyən şəxslər üçün imtahan keçirib. İmtahan respublikanın beş şəhərində, ümumilikdə 38 məntəqədə aparılıb.  12 min 387 nəfər ərizə təqdim etsə də, onlardan bəziləri imtahana buraxılmayıb və ya xaric edilib. Belə ki, həmin şəxslərin üzərində istifadəsi qadağan edilən vasitələr, o cümlədən telefon, konspekt, ağıllı saat və s. aşkarlanıb. 

Bununla belə imtahan zamanı yoxlama prosesinin həddindən çox ciddi olduğunu deyənlər və göstərilən amilin əlavə stress yaratdığını iddia edənlər də var. Təhsil müəssisəsinin qarşısında silahlı polis işçilərinə, təcili təbbi yarım maşınlarına, doğrudan da, ehtiyac varmı? 

Məsələ  ilə bağlı Sherg.az-ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, yoxlama prosesi çox sərt olsa da, DİM buna məcburdur:
 
“Dünyanın heç bir ölkəsində imtahan zamanı bu cür yoxlamalar keçirilmir. Səbəb isə imtahan verən şəxslərə məhz mənfi psixoloji təsir etməməkdir. Hətta Almaniya, Cənubi Koreya, Fransa, ABŞ kimi ölkələrdə imtahan vermək üçün harasa getməyə ehtiyac yoxdur. İnsanlar “online” formada sualları cavablandıra bilərlər. Çünki, dövlət qurumu öz vətəndaşına inanır və vətəndaş da ona yaradılan imkandan sui-istifadə etmir. Əfsuslar olsun ki, bizdə belə deyil. Biz “Yüksəliş” təhsil proqramı sayəsində müşahidə etdik ki, insanlar onlara yaradılan imkanlardan sui-istifadə etməyə meyillidirlər. Bildiyiniz kimi, “Yüksəliş” proqramına uyğun olaraq imtahanlar “online” qaydada keçirilir. Ancaq bu zaman imtahan verən şəxslər fərdi qaydada yox, öz savadlı tanışları ilə birlikdə komanda formasında suallara cavab verirlər. Əlbəttə, bu, düzgün deyil və nəticələrin şəffaflığına xələl gətirir. Deməli, günah DİM-də yox, insanlardadır”.



Kamran Əsədov: “İmtahana telefonla, konspektlə, ağıllı telefonla gələnlər, hətta bir gün əvvəlcədən imtahan keçiriləcək məntəqəyə gedərək otağa müəyyən vasitələr yerləşdirənlər var idi”


Təhsil eksperti belə düşünür ki, yoxlamalar ciddi keçirilməsə idi, çox az biliyi olan şəxslər imtahandan uğurla keçə biləcəkdilər: 

“Bu isə digər imtahan verən şəxslərə qarşı ədalətsizlik olardı. Başa düşürəm, imtahandan cəmi bir saat əvvəl insanların üzərində axtarış aparılması, hətta ayaqqabılarının çıxarılması düzgün deyil. Bu, diskomfort yaradır. Lakin qanun pozuntusuna meyilli şəxslər DİM-ə başqa şans vermirlər. DİM əvvəlcədən xəbərdarlıq etmişdi ki, yoxlama olacaq. Bununla belə imtahana telefonla, konspektlə, ağıllı telefonla gələnlər, hətta bir gün əvvəlcədən imtahan keçiriləcək məntəqəyə gedərək otağa müəyyən vasitələr yerləşdirənlər var idi. Bu, bilirsiz nə deməkdir? Əgər yoxlama olmasa idi, həmin şəxslər il boyu oxuyanlardan daha yaxşı nəticə əldə edəcəkdilər. Ona görə də, necə deyərlər, qurunun oduna yaş da yanır”. 

“DİM-i belə “sürprizlər” hazırlamağa vadar edən məqamlar var”


İmtahan verən şəxslərin əsas narazılıqlarından biri də imtahan  qaydalarında tez-tez yeniliklərin tətbiq olunmasıdır. Məsələn keçən ildən etibarən ingilis dili fənninin beş sualı dinləmə tapşırığı ilə bağlıdır. Həmçinin dövlət qulluğuna imtahan verənlər artıq bu fənndən essə də yazmalıdırlar. Təhsil eksperti düşünür ki, DİM-i belə “sürprizlər” hazırlamağa vadar edən məqamlar var: 

“Doğrudur, bu da təqdirəlayiq məqam deyil. Məsələn Fransada 1805-ci ildə qəbul edilən qaydalar indiyə kimi dəyişilməyib. Bizdə isə, az qala, hər il dəyişiklik olunur. Bu, təsadüfi deyil. Belə ki, imtahanların şəffaf və obyektiv keçirilməsinə heç kimin şübhəsi olmasa da, onun keyfiyyəti sual altındadır. Təcrübələr göstərir ki, imtahanda 300-400 bal toplayanlar 700 bal toplayanlara nisbətən öz gələcək karyeralarında daha çox uğur qazanırlar. Deməli, sistem o qədər də uğurlu deyil. Məhz bu səbəbdən DİM ən ideal variantı axtarır. İmtahanlar zamanı təkcə bilik yox, həm də bacarıq yoxlanılmalıdır. İkinci bir tərəfdən isə yaddaşı güclü olanlar imtahan zamanı çox yüksək nəticə əldə edə bilərlər. Amma bu, onların biliyinə, danışma, fikrini izah etmə qabiliyyətinə dəlalət eləmir. Deməli, DİM-in məqsədi optimal imtahan sistemini müəyyənləşdirməkdir”. 

DİM imtahan verən şəxslərin qarşısında müəyyən məhdudiyyətlər qoyur. Belə ki, bakalvrlar ya əvvəlki ixtisası üzrə təhsillərini davam etdirməli, ya da ona yaxın ixtisasları seçməlidirlər. Nəticədə bakalavrların imtahan balı öz ixtisaslarına kifayət etmədiyi halda, məcburi formada başqa ixtisası seçməli olurlar. Halbuki məhdudiyyət tətbiq edilməsə, bakalavrlar həm balları çatan, həm də sevdikləri digər ixtisaslara da yiyələnə bilərlər. 

Məsələyə aydınlıq gətirən K.Əsədov yenə də dünya təcrübəsi ilə fərqlərin olduğunu vurğuladı: 

“Bunu təhsil alanları düşünərək atılan bir addım kimi də qiymətləndirmək olar. Belə ki, məsələn təhsilin bakalavr pilləsində jurnalistika ixtisasına yiyələnənlər necə magistratura pilləsində hüquq və ya politologiya oxuya bilərlər? Axı onların baza bilikləri yoxdur. Sosial iş ixtisasına isə yiyələnə bilərlər. Çünki bu ixtisasda xüsusi bir baza biliyi tələb olunmur. Eyni zamanda həm jurnalistika, həm də sosial iş yaxın sahələrdir. Hər ikisi birbaşa cəmiyyətlə bağlıdır. Alternativ ixtisaslar təklif edilərkən müxtəlif sahələrin yaxınlıq dərəcələri, ortaq xüsusiyyətləri nəzərərə alınır. Əgər bu məhdudiyyət tətbiq olunmasa təhsilin doktorantura və dissertasiya mərhələlərində həmin şəxslər üçün ciddi çətinlilər yaranacaq. Onu da deyim ki,  Avropa ölkələrində belə qayda yoxdur. Orada gələcək təhsil həyatında yaranacaq çətinlikləri müvafiq qurum yox, şəxs özü düşünür”. 

Təhsil eksperti, həmçinin bidirdi ki, bakalavr ixtisasından asılı olmayaraq hər kəs magistr pilləsində MBA proqramı ilə  istədiyi ixtisası oxuya bilər:

“MBA proqramında, yəni iqtisadi idarəetmədə gələcək magistrantlar üçün heç bir məhdudiyyət qoyulmur. Hər kəs MBA proqramında arzuladığı ixtisası oxuya bilər. Çünki bu proqram vasitəsilə magistratura təhsili alanlar sonrakı mərhələlərdə oxuya bilməzlər”.