Azərbaycan Milli Elmlər Akademiyası kitabxana qiymətini 150 manata qaldırıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə universitetin tələbələri yazaraq öz etirazlarını bildiriblər.
Tibb Universitetinin tələbələrindən biri Gülzar Qamboyzadə bildirib ki, onlar oxumaq üçün şəraitin azlığından əziyyət çəkirlər:
“Əvvəllər illik ödənişi 5 manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. İndi aylıq ödəniş 15 manat olub. Həmçinin, əvvəl aylıq ödənişə 27 iş günü daxil idi, indi isə bunu 20 günə endiriblər. Sadəcə oturub dərs oxumaq üçün 20 günə 15 manat ödəməliyik, bu isə tələbələr üçün kifayət qədər böyük məbləğdir. Biz tibb tələbələri olaraq özümüzü daha çox inkişaf etdirmək, səhiyyəmizə, xalqımıza daha çox fayda vermə bilmək üçün günün 12 saatını kitabxanada keçririk. Tək istəyimiz dərs oxumaq üçün daha şəraitli kitabxana və bunun hər kəs üçün əlçatan olmasıdır”.
Qeyd edək ki, sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti 5 manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi. Həmin vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi.