Əvvəlcə ölkəni normal sayda bağça ilə təmin etmək, daha sonra isə elektron sistemi tətbiq etmək lazımdır
Uşaq bağçalarına qəbulda yenilik tətbiq olunacaq. Məktəbəqədər təhsil müəssisələrinə qəbulda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar elektron xidmətin yaradılması işləri başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.
Məlumdur ki, bəzən bağçalarda boş yerlərin olmaması ilə bağlı müəyyən problemlər yaranırdı. Yeni sistemin köməyi ilə qeydiyyatın yerinə yetirilməsinin mümkün olacağı bildirilir.
Mövzu ilə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, elektron sistem bağçalarda rüşvət kimi qanun pozuntularına ciddi təsir göstərməyəcək.
Ekspertin sözlərinə görə, ölkəmizdəki bağçaların yalnız 25 faizi tələb olunan etimadı doğrulda bilir: “Düzdür, qeydiyyat üçün elektron sistemin yaradılması pis deyil. Bu qanunun əsası keçmiş təhsil naziri Mikayıl Cabbarovun dövründə qoyulub. Elektron sistem hər hansı sui-istifadə hallarına imkan vermir. Məsələn, hansısa bağça müdirinə uşağın qəbulu ilə bağlı müraciət edəndə, o, bir bəhanə ilə yerin olmadığını bildirərək valideynə rədd cavabı verir”.
N.Qulamoğlu qeyd edib ki, hazırda paytaxtımızda bağçaların sayı kifayət qədər deyil:
“Bu da bağça müdirlərinə bəhanə verir ki, yerin az olduğunu desinlər. Səbəb isə müdirlərin rüşvət tələb etməsidir. Aydın məsələdir ki, rüşvət aldıqdan sonra uşaq üçün yer tapılır. Əvvəlcə ölkəni normal sayda bağça ilə təmin etmək, daha sonra isə elektron sistemi tətbiq etmək lazımdır. Elektron sistem müəyyən qədər əlçatandır. Valideynlər qeydiyyat üçün həmin müəssisəyə getmək yerinə evdən virtual şəkildə övladlarını istədikləri bağçaya yerləşdirə bilərlər. Lakin ölkə lazımi sayda bağça ilə təmin edilmədiyi təqdirdə bağça müdirlərinin bəhanələri olduğu kimi qalacaq. Ona görə də elektron sistem rüşvətə ciddi şəkildə təsir etməyəcək".