Psixoloq NARAZIDIR: “Məktəblərdə psixoloqlar vahid proqramla işləmirlər”

“Kim hansı texnika və metodikanı tapırsa, ondan da istifadə edir”

“Nazirliyin tərkibində ayrıca tədris vəsaitləri hazırlanmalıdır. Bu vəsaitləri metodiklərə öyrətməlidirlər”



Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:  şagird sayı 1000-dək olduqda, bir vahid;  şagird sayı 1000-dən 3000-dək olduqda, iki vahid;  şagird sayı 3000-dən çox olduqda, üç vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. 



Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadə bildirib ki, təkcə psixoloq sayın artırılması ilə problem həll olunmayacaq. Onun sözlərinə görə, məktəblərdə psixoloqların sayı kifayət qədər deyil:

 “Başa düşməliyik ki, 1000 nəfərə təyin edilmiş bir psixoloq gələcəkdə problemlərlə rastlaşa bilər. Problemli uşaqların sayı artsa, psixoloq işin öhdəsindən tək gələ bilməyəcək. Bu gün psixoloqların sayının artması ilə paralel onların statusunun qalxması da vacibdir”. 

A.İsazadə həmçinin bildirib ki, psixoloqun müəyyən səlahiyyətləri olmalıdır:

 “O, müəllimlərlə, valideynlərlə işləyə bilməlidir. Çox güman ki, baş nazir təhsil nazirinin təklifi ilə rəqəmləri müəyyən edib və qərarı imzalayıb. Paralel problemlərdən biri də odur ki, bu gün məktəblərdə psixoloqlar vahid proqramla işləmirlər. Kim hansı texnika və metodikanı tapırsa, ondan da istifadə edir.

Nazirliyin tərkibində ayrıca vəsaitlər hazırlanmalıdır. Bu vəsaitləri metodiklərə öyrətməlidirlər. Təkcə pixoloq sayın artırılması ilə problem həll olunmayacaq. Sayla bərabər keyfiyyətin artırılmasını da təmin etmək lazımdır".