Mütəxəssis qərarın əleyhinədir:“Nazirliyin addımı ədalətsizdir”


“Artıq biliyin qiymətləndirilməsi ikinci plana keçəcək”

Kamran Əsədov: "50 bal toplayan şəxs Bakı qeydiyyatı olmadığına görə buradakı məktəbdə çalışmaq imkanından məhrum olacaq, əvəzinə 30 bal toplayan namizəd paytaxtda işləyə biləcək” 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edib. Nazirlikdən verilən məlumata görə, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.




Dəyişiklyini dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a söyləyib ki, bu, ədalətsizlikdir:

“Bu qərarın əleyhinəyəm. Artıq biliyin qiymətləndirilməsi ikinci plana keçəcək. Məsələn 50 bal toplayan şəxs Bakı qeydiyyatı olmadığına görə buradakı məktəbdə çalışmaq imkanından məhrum olacaq, əvəzinə 30 bal toplayan namizəd paytaxtda işləyə biləcək. Bu mənada dəyişikliyi düzgün hesab etmirəm. İkinci bir tərəfdən isə nəzərə almaq lazım idi ki, heç də hər kəs qeydiyyatda olduğu ərazidə yaşamır. Elə adam var, uzun illərdir, qeydiyyatda olduğu ərazidən köçüb. Onlar nə etməlidirlər?!”. 

MİQ imtahanlarında məntiq fənnindən imtahanların ləğvinə gəlincə, ekspert bunun məqsədəuyğun olduğunu deyib: 

“Ümumiyyətlə, 2019-2020-ci ildə təhsil sistemində baş verən dəyişikliklərin əksəriyyətini müsbət qiymətləndirirəm. Məntiq imtahanlarının ləğv olunması da bu qəbildəndir. Təcrübələr humanitar ixtisas sahiblərinin məntiq fənnindən nəticələrinin yaxşı olmadığını göstərirdi. Çünki məntiq ümumi dünyagörüşünün, yox, riyazi biliklərin yoxlanılmasına hesablanırdı. Nəticədə istər-istəməz tərəfkeşliyə yol verilirdi. Bu səbəbdən düşünürəm ki, məntiqdən imtahanların ləğvi müsbət addımdır. Suallar ümumi dünyagörüşünü yoxlasa idi, onda başqa məsələ”.