Uşaqların həyatı və təhsili təhlükədə: Qəzalı təhsil ocaqları...


Nabatəli Qulamoğlu:“Belə qəzalı vəziyyətlərdə təhsilin keyfiyyətindən söhbət gedə bilməz”

Məhərrəm Zülfüqarlı:“Adətən, narazı şəxslər rəsmi müraciət etmirlər. Ona görə də problem həllini tapmır”
 


Son günlər sosial şəbəkələrdə müzakirə predimetinə çevrilən məsələlərdən biri də təhsil müəssisələrinin bəzilərinin qəzalı vəziyyətdə olmasıdır. Yayılan görüntülərdə 232 saylı uşaq bağçasının və 320 nömrəli orta məktəbin təhlükəli və antisanitar hala düşməsi əks olunub. Bəs millətin gələcəyi olan uşaqlar nə vaxta kimi belə təhsil müəssisələrində təhsil almalıdırlar? Axı onlar günlərinin, az qala, yarısını bağçalarda, orta məktəblərdə keçirirlər. Deməli, uşaqların həyatı, sağlamlığı təhdid altındadır. 

Vəziyyəti  “Sherg.az”a şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu bunun ürəkaçan hal olmadığını deyib:

“Təkcə təhsil eksperti, müəllim yox, həm də bir valideyn, vətəndaş kimi belə hallardan narazıyam. İllər əvvəl biz dərs keçdiyimiz siniflərdə tavandan su damırdı, otağın ortasına vedrə qoyurduq. Ancaq indi dövr dəyişib.

Rəhmətlik Sabirin dediyi kimi:

Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz

Əlbəttə, belə qəzalı vəziyyətlərdə təhsilin keyfiyyətindən söhbət gedə bilməz”. 
 Ekspert bildirir ki, vəziyyətdən yeganə çıxış yolu kimi, səlahiyyətli qurumların öz işlərinə məsuliyyətlə yanaşmasıdır: “Görünür, təhsil bəziləri üçün prioritet məsələ deyil. Gərək, xalq öz narazılığını ifadə etsin, sərt reaksiya bildirsin ki, bir tədbir görülsün. Əks halda indi necə varsa belə də davam edəcək. Respublikada, xüsusilə rayonlarda qəzalı təhsil müəssisələrinin sayı kifayət qədər çoxdur. Halbuki, orada oxuyanların da normal təhsil almaq hüququ var”.
 AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da bildirib ki, mövcud vəziyyəti həll etmək üçün rəsmi müraciət etmək lazımdır:

 “Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Ancaq gərək nazirliyə rəsmi müraciət daxil olsun. Adətən, narazı şəxslər rəsmi müraciət etmirlər. Ona görə də problem həllini tapmır”.