Dezinfeksiya aparılan təhsil müəssisələrinin sayı AÇIQLANDI


Martın 4-də 5 nömrəli Bakı Peşə Məktəbində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb. Prosesi media nümayəndələri də izləyib.

"Sherg.az" xəbər verir ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarətin gücləndirildiyi, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin intensivləşdirildiyi media nümayəndələrinin diqqətinə çatdırılıb.

Bu gün də daxil olmaqla 3 minədək təhsil müəssisəsi artıq dezinfeksiya olunub. Digər təhsil müəssisələrində də dezinfeksiya davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-9-da (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddətdə bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.