Təhsil müəssisələrində tətil müddətinin daha 10 gün müddətinə uzadılması məktəbli və tələbələri virusa yoluxma ehtimalından azad etdi. Amma şagirdlərin və valideynlərin də hazırda ən böyük narahatlığı aprelin 6-dək tədris proqramının mənimsənilməsində yarana biləcək vaxt darlığıdır. Məlumdur ki, aprelin 6-da XI siniflər üzrə əsas buraxılış imtahanı keçirilməlidir. Bu imtahan gələcək abituriyentlər üçün ən mühüm imtahandır, çünki buraxılış imtahanında maksimum 300 bal toplayan şagird tələbə adını təmin etmiş olacaq.
Ancaq dərslərin müvəqqəti dayandırılması tədris proqramının mənimsənilməsinə əngəl yaradır. Yaranmış vəziyyət nəzərə alınaraq buraxılış imtahanlarının vaxtı dəyişdirilə bilərmi? Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:
- Bu məsələ Nazirlər Kabineti, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə müzakirə edilməlidir. Yəqin ki, bu gün, sabah imtahanlarla bağlı qərar veriləcək.