Orta məktəblərdə şagirdlərin buraxılmış dərslərin əvəzinə keçirilən videodərsləri nə qədər mənimsəyə bilməsi, bu sahədə neçə faiz boşluğun olması ilə bağlı daha ətraflı məlumatın əldə edilməsi məqsədilə tədris bərpa olunduqdan sonra məktəblərdə seçmə üsullarla qiymətləndirmə həyata keçirilə bilər.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu, tədris müddəti bərpa olunduqdan sonra buraxılmış dərslərin hansı formada kompensasiya edilməsi ilə bağlı son qərar verilməmişdən əvvəl həyata keçiriləcək.
Nazir əlavə edib ki, martın 11-dən etibarən "Mədəniyyət" kanalında bütün siniflər üzrə 3-4 fənnə dair videodərslərə başlanacaq. "Mədəniyyət" kanalında bu dərslərə baxa bilməyənlər Təhsil Nazirliyinin elektron resursları və sosial şəbəkə vasitəsilə bu dərslərə baxa biləcəklər:
"Bu həftənin sonundan başlayaraq, biz videodərslər vasitəsilə təqdim edilən mövzulara, orada verilən izahatlara uyğun olaraq, eyni zamanda şagirdlərin hər hansı çətinliyinin yarana biləcəyini nəzərə alaraq, təcrübəli mütəxəssislər vasitəsilə birbaşa bağlantılar həyata keçirməyi planlaşdırırıq. Bu bağlantılar zamanı daha çox çətinlik yaradan məsələlərlə bağlı müzakirələrin aparılması və əlavə izahatların verilməsi planlaşdırılır".
Xatırladaq ki, koronavirusun yayılma təhlükəsi nəzərə alınaraq, martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində tədris dayandırılıb.