"Abituriyent imtahanda koronavirusla bağlı sual görəndə əlavə stress yaşayacaq" - Təhsil eksperti

"Mən biologiya müəllimi olmağıma baxmayaraq, Məleykə xanımın fikri ilə şərik deyiləm"

Dünən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təşkil etdiyi mətbuat konfransında lV ixtisas qrupu üzrə qəbul imtahanlarına koronavirus pandemiyası ilə bağlı sualların salınacağını deyib. Müəllim və abituriyentlər bu qərarı birmənalı qarşılamayıblar. Bəziləri bunun zəruri, bəziləri isə əsassız olduğunu düşünürlər.

 Təhsil eksperti Almaz Həsrət məsələ ilə bağlı "Sherg.az"a danışarkən qərarın əleyhinə olduğunu dedi:

"Mən biologiya müəllimi olmağıma baxmayaraq, Məleykə xanımın fikri ilə şərik deyiləm. DİM özü hər dəfə xatırladır ki, biz imtahana ancaq dərsliklərdəki mövzulardan suallar salırıq. İndi niyə dediklərini unudurlar? Bu, düzgün deyil. İmtahana mart ayına kimi keçirilən proqramdan suallar salınmalıdır. Bəlkə də, Məleykə xanım düşünür ki, şagirdlər koronavirusla bağlı məlumatlı olmalıdırlar. Lakin bu, mənasız və lazımsızdır. Onsuz da biologiya kitablarında viruslarla bağlı kifayət qədər məlumat var. Yəni DİM- in qərarı absurddur".

 A. Həsrət qərarın psixoloji təsirindən də danışıb:

"Heç kimə sirr deyil ki, abituriyentlər imtahan vaxtı həyəcan keçirirlər. Dərslərdən geri qalmaq, cəmiyyətdən tədric olunmaq onları daha da usandırır. Bir tərəfdən də abituriyent imtahanda koronavirusla bağlı sual görəndə əlavə stress yaşayacaq, çətin günləri xatırlayacaq. Buna nə ehtiyac var?! Əksinə, indi yeniyetmələrə kömək olmaq lazımdır. Həm də nəzərə almalıyıq ki, onların imkanları da eyni deyil. Bəziləri heç distant dərslərdə də iştirak edə bilmirlər. Bunları bilə- bilə çətinliklər yaratmaq düzgün deyil".