Qabiliyyət imtahanları ləğv olunur, əvəzində keçid balları artır

"Abituriyentlərdən müvafiq ixtisaslar üzrə daha çox hazırlıq, bilik, intellekt tələb olunacaq"



Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərə müraciət edib. Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Müəllimlər, valideynlər, şagirdlər, abituriyentlər və bakalavrlara olan müraciətdə bildirilir ki, məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.

DİM- in qərarını "Sherg.az"a şərh edən təhsil eksperti Kamran Əsədov müsabiqə şərtlərinin çətinləşəcəyi qənaətindədir:

"Bu ildən etibarən ali təhsil müəssisələrinə, o cümlədən kolleclərə qəbul qaydalarında yeni yanaşma tətbiq olunur. Əlbəttə, verilən qərar koronavirus pandemiyası ilə əlaqədardır. Məlum olduğu kimi, insanların kütləvi toplaşma halları minimuma endirilir. Qərar da məhz buna hesablanıb. Bəzi ixtisaslara qəbulda qabiliyyət imtahanının ləğv olunması həmin ixtisaslar üzrə keçid ballarının artması ilə nəticələnəcək. Beləliklə, müsabiqə şərtləri də gərginləşəcək. Abituriyentlərdən müvafiq ixtisaslar üzrə daha çox hazırlıq, bilik, intellekt tələb olunacaq". 

 Ekspert abituriyentləri diqqətlə olmağa çağırdı:

"Bir çox hallarda gənclər ixtisas seçimi edərkən əvvəlki illərin keçid ballarını nəzərə alırlar. Nəticədə yanlışlıqlar olur. Dediyim kimi, bu il də qəbul balları dəyişəcək. Ona görə də abituriyentlər, necə deyərlər, min dəfə ölçüb, bir dəfə biçməlidirlər".

 K.Əsədovun sözlərinə görə, bu qərar nəticəsində gələcəkdə müvafiq ixtisaslar üzrə kadr çatışmazlığı meydana çıxa bilər:

"Elə şərait yarandı ki, fiziki qüsurlular Bədən tərbiyəsi ixtisasına, qabiliyyəti olmayanlar  təsviri incəsənət, musiqi ixtisaslarına qəbul ola bilərlər. Onlar gələcəkdə əmək bazarına daxil olanda problemlərlə üzləşə bilərlər".