Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır

"Onsuz da neçə aydır evdədirlər, psixoloji gərginlik içindədirlər" 

"Eyni ev, eyni otaq, eyni əşyalar, dəyişməyən simalar – ata-ana... Bu psixoloji gərginlik yaradır"

"Uşaqlar qızılca və ya məxmərəyə qarşı peyvənd olunacaqsa, bunun COVİD-19-la heç bir əlaqəsi olmayacaq"


“Uşaqlar qızılca, məxmərək, epidemik parotit və göy öskurək infeksiyalarına qarşı peyvənd olmadan kollektivə buraxılmamalıdır”. Belə bir bəyanatla Azərbaycan Həkimləri İctimai Birliyi Təşəbbüs Qrupu çıxış edib. Operativ Qərargahın növbəti brifinqində səslənən fikirlər, karantin rejimi qaydalarındakı dəyişiklikləri tibbi və sosioloji baxımdan analiz edən AHİB Təşəbbüs Qrupu xüsusən yeni tədris ilinin başlanmasına hazırlıq məqsədilə təkliflər irəli sürüb.      
Təşəbbüs Qrupunda təmsil olunan həkimlərin fikrincə, beşinci və yuxarı sinif şagirdlərinin oktyabr-noyabr ayında kollektiv görüşlərə buraxılması kəskin respirator virus infeksiyalarının sürətlə yayılmasına səbəb ola bilər. Onların sentyabrın əvvəlindən tədricən kollektivə buraxılması daha məqsədəuyğundur. Noyabr ayından onlayn dərs rejiminə keçid üçün (uşaqların avtobusla daşınması alınmazsa) yoluxma sayının artmasına görə deyil, ölüm və ağırlaşma hallarının sıxlığına görə qərar verilməlidir. 

Məktəblərdə, bağçalarda orta yaş müəllim və işçi heyəti qrip və pnevmokok infeksiyasına qarşı peyvəndlə pulsuz təmin olunmalı, uşaqlar qızılca, məxmərək, epidemik parotit və göy öskurək infeksiyalarına qarşı peyvənd olmadan kollektivə buraxılmamalıdır. “Nəzərə alsaq ki, ölkəmizdə peyvəndləməyə ciddi nəzarət yoxdur və karantin dövründə immunizasiyada kifayət qədər yayınmalar olub, bütün bunlar məktəb və bağçalarda payız aylarında göstərilən təhlükəli yoluxucu xəstəliklərin epidemiyası riskini artırır” qənaətində olan həkimlər şagirdlərdən tibbi maskalardan istifadənin tələb olunmasını doğru hesab etmirlər, bunun uşaqlarda ağıq fəsadlara səbəb ola biləcək oksigen çatışmazlığı yaradacağını bildirirlər: 
 
- Dərs və tənəffüs saatlarında uşaqların məsafəli davranışına ciddi nəzarət edilməsi və onlardan maska istifadəsini istəmək doğru deyil. Ölkəmizdə, eləcə də dünya təcrübəsində COVİD-19 infeksiyasının uşaqlar üçün təhlukəli olmadığı, 18 yaşadək şəxslərin yoluxma mənbəyi olmadığı öz təsdiqini tapdı. 12 yaşadək məcburi olmadığı kimi, 12 yaşdan sonra da repetitor dərslərində də maska istifadəsi lazım deyil. Hipoksik vəziyyət zehni fəaliyyətin faydalılığını xeyli azaltmış olur. 



AHİB Təşəbbüs Qrupunun bəyanatında yer alan fikirlərlə bağlı “Şərq”ə danışan pediatr Vaqif Qarayev peyvəndləməyə təkcə pandemiya dövründə deyil, hər zaman gərək olduğunu dedi: 

- Əvvəlcə bunu deyim ki, AHİB-nin adını çəkdiyi infeksiyaların pandemiya ilə əlaqəsi yoxdur. Peyvəndləmə hər zaman vacibdir, çünki adıçəkilən infeksiyalar ayrı-ayrı xəstəliklər yaradır. İndi COVİD-19 dünyanın başını qatıb, amma bu saat da dünyada qızılca epidemiyası var. Peyvəndləmə indi zəif gedir, ona görə ki, insanların başı qarışıb koronavirusa, valideynlərdən uşaqları poliklinikalara aparıb peyvənd etdirmələrini tələb etmək də olmur. Bəli, bu hal, gələcək üçün ağır fəsadlar yarada bilər.

Uşaq kollektivə gedirsə, əlində mütləq arayış olmalıdır, peyvəndləmə ilə bağlı. Çünki kollektivdə epidemiyaya səbəb ola bilər. Pnevmokok bildiyimiz pnevmaniya və meningit kimi kəskin infeksion xəstəlik yaradan bakteriyadır. Ona qarşı peyvənd aparılmalıdır. Eləcə də adı çəkilən digər infeksiyalara qarşı. Peyvənd qorxulu xəstəliklərdən qorunmaq üçündür.

Hansı infeksiyaya qarşı peyvənd edilirsə, konkret həmin xəstəliyə qarşı immunitet yaradır. Yəni uşaqlar qızılca və ya məxmərəyə qarşı peyvənd olunacaqsa, bunun COVİD-19-la heç bir əlaqəsi olmayacaq. Bu peyvəndlər sadəcə, uşaqlarda infeksion xəstəliklərə qarşı immunitetin yaranması və kollektivdə yoluxmaya səbəb olmamaq üçün vacibdir. 

V.Qarayev uşaqların dərs və tənəffüs zamanı tibbi maskalardan istifadə edib-etməməsi məsələsində hələ də qəti rəylərin olmadığını bildirdi: 

- Problem bundadır ki, fevral ayından bu yana  koronavirusla bağlı bir-birini təkzib edən fikirlər səslənir. Söhbət Azərbaycandan getmir, ümumiyyətlə, dünya üzrə. Səbəb də budur ki, bu virusun, nə “başı” tapılır, nə də “sonu”.  Təbabət bu virusa qarşı silahsızdı. Uşaqların koronavirusa yoluxmadığı deyilir, amma Gürcüstanda yeni doğulmuş körpədə COVİD-19 aşkarlandı. Uşaqlar yoluxur da, ölür də. Sadəcə, kütləvi deyil, şükür ki! Ona görə də təhsil nazirini də qınamaq olmur.

Pandemiya proqnozlaşdırılmayandı. Uşaqlar dərs zamanı tibb maskadan istifadə etsinmi, etməsinmi, bu suala belə cavab verə bilərəm ki, tibbi maskalardan istifadə uşaqlar üçün arzuolunmazdı.

Uşaq  böyüyən bir orqanizmdi, daim hərəkətdədir, atlanıb-düşəcək, qaçacaq... Uşaqlar idarəolunmazdı. Belə vəziyyətdə əlbəttə, oksigen çatışmazlığı yaranacaq. Sosial məsafə necə qorunacaq? Nə qədər deyilsə də, tələb qoyulsa da, təkcə bir sinifdə 40-45 şagird varsa, onları nəzarətdə saxlaya bilmək absurddur.

Uşaqları 10-15 nəfərlik siniflərə bölmək də mümkün olmayacaq, çünki bu qədər sinif yoxdur. Bütün bunları nəzərə alanda, inanmıram ki, nəzarət və qaydalara riayət etmək alınsın. Amma nə edək? Tibbi baxımdan uşaq üçün məktəb vacibdir, uşaq kollektivdə olmalıdır. Onsuz da neçə aydır evdədirlər, psixoloji gərginlik içindədirlər.

Eyni ev, eyni otaq, eyni əşyalar, dəyişməyən simalar – ata-ana... Bu, psixoloji gərginlik yaradır. Uşaqlar məktəbə getməlidir, bu məlumdur. Amma necə, maskalı, maskasız, bunu deyə bilmirəm. Uşaqlar yoluxmur, bunu qəbul etdik, ancaq uşaq daşıyıcı ola bilər və valideynini yoluxdurar. Bu da var.