Heç kim istəməz uşağı gerizəkalı olsun

Könüllü təhsil valideynləri ikiqat "tərlədəcək"

Hamı uşağına xüsusi müəllim axtaracaq, repetitorluğun meydanı genişlənəcək


Təhsil naziri Emin Əmrullayev əyani təhsil distant təhsillə paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçiminin tanındığını bildirib. Nazir qeyd edib ki, məktəblər pandemiya dövründə xüsusi qaydalar əsasında fəaliyyət göstərəcək. Hazırda məktəblərdə sanitar-gigiyenik normaların hazırlanması ilə bağlı iş gedir. Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. 

"Hərarəti olan valideynlər öz övladlarını məktəbə göndərməməlidirlər. Ailədə hərarəti olan şəxs varsa, o ailənin üzvü olan şagird dərsə gəlməməlidir. Bu məsələdə valideynlər çox diqqətli olmalıdırlar. Biz məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl etməliyik.

Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək hüququ var. Bu seçim valideynlərin öhdəsinə buraxılır”.
Pandemiya dövründə təhsilin icbari formadan könüllülük prinsipinə keçməsi anlaşılandır.

Fövqəladə hallar bunu tələb edir. Amma sual doğuran bəzi məqamlar da var. Valideyn övladını təhlükə baxımından həftənin 2-3 günü də məktəbə göndərməyəcəksə, o zaman şagird tədris proqramını necə mənimsəyəcək? Müəllim, məktəbdəki dərs saatından sonra evə gəlib dərsə gəlməyən şagirdlə fərdi qaydada çalışmaq məcburiyyətində qalacaq, yoxsa valideyn repetitor fəaliyyətindən əlavə istifadə edəcək? Bu hal ölkədə repetitor fəaliyyətini daha da genişləndirəcək. Övladı tədrisdən geri qalmasın deyə, valideynlər bütün imkanlarını səfərbər edəcək, təki övladı geriləməsin. Bu da müəllimlərin yükünü ikiqat artıracaq. Təsəvvür edin, məktəbdə əyani dərs keçən müəllim, bir də günün ikinci yarısı axşamadək hansısa şagirdlərlə fərdi qaydada çalışmalı olacaq. Qısası, məktəbin rolu şagirdlərin tədrisində xeyli azalır. 

Təhsil Xidmətləri, Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əyani təhsilin distant təhsillə paralel davam etməsi repetitor fəaliyyətini birmənalı şəkildə genişləndirəcək: 

- Əlbəttə ki, bu şəraitdə valideynlər övladlarına xüsusi müəllim tutmaq istəyəcəklər. Əgər dünənədək bir sinifdə 5-10 şagird müəllimlə fərdi hazırlaşırdısa, indi bu say xeyli artacaq, çünki nə həftədə 2-3 dəfə dərsə getməklə, nə də distant təhsillə tədris proqramını arzuedilən formada mənimsəmək mümkün deyil.

Təsəvvür etmək belə çətindir; adi vaxtlarda şagird tədris ili ərzində 210 gün – 34 həftə məktəbə gedirdi. Heç bu müddət ərzində tədris proqramını düz-əməlli mənimsəməyə bilmirdilər, çünki hazırkı tədris proqramı çox ağırdır. İndi isə əlbəttə, zəruri halda, pandemiya şəraitindən asılı olaraq şagirdlər cəmi 68 gün məktəbə gedəcəklər.

Bəli, distant təhsil də paralel davam edir, lakin biz distant təhsilin effektiv olmadığı, gözlənilən nəticəni vermədiyini artıq bildirmişik. Çünki heç də bütün şagirdlər distant – onlayn təhsil almaq üçün texniki imkanlara sahib deyil.

Ailənin maddi imkanı çatacaqsa, hətta düşünürəm ki, valideynlər olan-olmayan imkanlarını da səfərbər edəcək ki, övladı dərslərdən geri qalmasın, ona görə də müəllimlərdən fərdi qaydada məşğul olmalarını istəyəcəklər. Bu da əlbəttə ki, repetitor fəaliyyətinin artmasına gətirib çıxaracaq.

Alternativ variant budur ki, dərsliklər sadələşdirilməlidir. Belə olarsa, qısa dərs həftələrində tədris proqramını mənimsəmək asanlaşar. Lakin indi, dar macalda bunu etmək də mümkün deyil.

Əyani dərslərdə iştirak etməyən şagirdlər üçün vəziyyət çətin olacaq. Müəllim məktəbdəki dərs saatından sonra şagirdlərlə çalışmayacaq. Çünki buna görə əməkhaqqı almır.

Dərsdə iştirak etməyən uşağa həmin mövzu təkrar tədris olunmayacaq. Məlum tədris proqramı, buna uyğun da dərs bölgüsü var. Eyni mövzu şagirdə təkrar keçilmir. Ona görə də əlac qalacaq fərdi çalışmağa və repetitorlara ehtiyac artacaq.