Ayda iki dəfə burundan yaxma götürüləcək?

Uşaqlar məktəbə, bağçaya virussuz gedib, virusla qayıda bilərlər

"Hələ də müəyyənləşdirilməyib ki, şagirdlər, müəllimlər hansı üsulla yoxlanmalıdır, hansı analiz növü aparılmalıdır"


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda ümumtəhsil müəssisələrində və bağçalarda uşaqlar arasında yeni üsulla COVİD-19 testlərinin aparılmasını təklif edib.
Tibb elmləri doktoru belə hesab edir ki, pandemiya dövründə təhsil müəssisələrini, məktəbləri bağlı saxlamaq koronavirusla effektiv mübarizə üsulu deyil. O hesab edir ki, uşaqlar da virusu böyüklər kimi yaya bildiyindən, lakin hələlik heç bir ölkədə virusun sırf uşaqlar arasında yayılmasını müəyyənləşdirmək mümkün olmadığından onlarla xüsusən ehtiyatlı olmaq vacibdir.

Ekspert deyir ki, hazırda dünyanın bir sıra ölkələrində uşaqlar da anticisim testlərinə cəlb olunublar. Bu test böyüklərdən fərqli olaraq uşaqlarda qandan götürülmür. O hesab edir ki, uşaqlarda anticisimlər Azərbaycan üçün yeni üsul sayılacaq ağız suyu vasitəsilə müəyyən edilməlidir. Nəticədə test uşağın bu virusu keçirib-keçirmədiyi barədə məlumat verəcək.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin müdiri Telman Aytayev isə "Sputnik Azərbaycan"a bildirib ki, anticisimlərlə bağlı testlər FAD (Food and Drug) tərəfindən təsdiqlənməyib: "Bu testlərin heç biri 100 faiz deyil. Yəni "pozitiv" olan nəticələr də səhv çıxa bilər. Yaxud da əksinə ola bilər, kimsə xəstədir, amma testin nəticəsi "neqativ"dir. Düşünürəm ki, uşaqları bu testlərlə yoxlamaqla elə bir şeyə nail olmayacağıq. Anticisim testlər təsdiqlənməyib".

Hospitalın pediatrı Fərəh Vahabova isə deyir ki, ağız suyu ilə yalnız bir həftəlik dövrün nəticələrini öyrənmək mümkündür: "Ağız suyu ancaq xəstəliyin bir həftə ərzində olub-olmadığını göstərə bilən testdir. Yəni ağız suyu hazırda, son bir həftədə şəxsin xəstə olub-olmadığını göstərə bilər. Lakin bu üsulla xəstənin bir həftədən əlavə hansısa bir zamanda bu xəstəliyi keçirib-keçirmədiyini göstərmir. Bunun üçün, yəni xəstənin ümumiyyətlə virusu keçirib-keçirmədiyini öyrənmək üçün qandan analiz götürmək lazımdır. Bunun üçün isə immunoqlobulin G-ni yoxlamaq lazımdır ki, şəxsin immuniteti var, ya yoxdur".

Pediatr hesab edir ki, məktəbə girəndə analizlərin verilməsi yaxşı olardı: "Sadəcə olaraq hər gün məktəbə gəlib, evə gedən uşaqlarda bu testlərin götürülməsi üçün də Azərbaycanın imkanı olmayacaq. Hər gün uşaq evə gedib, xəstələrlə kontaktda olub yenidən məktəbə qayıdacaq. Lakin uşaqlar hər gün həkim nəzarətində olmalı, qızdırmalı olanlar məktəbə buraxılmamalı, onlardan analizlər götürülməlidir. Yaxşı olardı ki, uşaqlardan qan analizi götürülüb immunoqlobulin G yoxlanılsın. İmmuniteti olan uşaqlar ən azı 3 ay xəstələnməyəcəklər".

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qan analizlərinin götürülməsini və mütləq şəkildə əkilmə üsulundan istifadə olunmasının təklif edir: 

- Məktəblərin, bağçaların açılması həqiqətən də ciddi məsələdir. Uşaq məktəbə, yaxud bağçaya virussuz gedib, virusla qayıda bilər. Təhsil Nazirliyi tərəfindən hələ də müəyyənləşdirilməyib ki, şagirdlər, müəllimlər hansı üsulla yoxlanmalıdır, hansı analiz növü aparılmalıdır. Bəli, anti-tellər analizinin nəticələri 100 faizli deyil. Ən dəqiq cavablar qanın analizi, həm də əkilmə üsulu ilə müəyyənləşir. Amma hazırda COVİD-19-la bağlı dünya ölkələrində yayımlanan sosial çarxlara baxın, əksəriyyətində burundan yaxma götürülməsi üsulu göstərilir. Burundan yaxma analizinin cavabı 4-6 saat ərzində hazır olur. Həm informativ baxımdan sürətlidir, həm də daha etibarlıdır. Şagird məktəbə gələndə hərarəti ölçüləcək, amma hərarətlə iş bitmir. Uşaqlar mütləq COVİD-19-la bağlı test olunmalıdır.

Amma bir analiz cavabı neçə müddətə bəs edəcək?  Ayda bir dəfəmi yoxlansınlar, 2 dəfəmi? Bu, çox mürəkkəb məsələdir. Testlərin aparılması üçün də vəsait tələb olunur. Ona görə də bu məsələ artıq qlobal problem halını alır.

Bir yandan istəyirik ki, məktəblər, bağçalar açılsın, bir yandan da yoluxmadan ehtiyat edirik. Bütün hallarda uşaqların hansı analizlərə cəlb edilməsiylə bağlı ciddi müzakirə aparılmalı və Təhsil Nazirliyi konkret qərar verməlidir.