Mahiyyət dəyişməyib: Valideynlərin çoxu övladına diplom almaq arzusundadır

Qəbul imtahanlarının nəticələri xeyli suallara aydınlıq gətirdi

Zamana və tələbata uyğun ixtisas və ya peşə seçməsinin özü bir bacarıq, uzaqgörənlikdir. Hər bir elm lazımlıdır, ancaq balansın qorunması da vacibdir

Ali məktəblərə builki qəbul imtahanlarında ödənişli ixtisaslara qəbul olunanların sayı dövlət sifarişliyə nisbətən çoxdur. Qruplar üzrə baxsaq iki - I və IV  ixtisas qruplarında dövlət sifarişi əsasında qəbul olunanlar daha çoxdur, digər 3 qrupda isə (II, III və V qrupda) ödənişli əsaslarla qəbul olunanlar çoxluq təşkil edir. Bunun bir səbəbi kimi abituriyentlərin qəbul imtahanlarında az bal toplaması, toplanan balların dövlət sifarişi əsasında təhsil almağa yetərli olmaması göstərilir. Hansı qrupda ki, keçid balları nisbətən aşağıdır, orada dövlət sifarişli ixtisaslara qəbul da yüksəkdir.


Amma, məsələn, hər zaman müsabiqə şərtləri ağır olan III ixtisas qrupunda ödənişli əsaslarla qəbul üstünlük təşkil edir. Həmçinin, II və V ixtisas qruplarında. Ən çox qəbul olunan abituriyent sayı da məhz I ixtisas qrupunda, sonra isə, III və II ixtisas qrupu, ən az qəbul olunma sayı isə IV ixtisas qrupundadı.   

Qeyd edildiyi kimi bu il 20 minə yaxın abituriyent 3-cü qrup üzrə imtahan verdi.
Niyə adətdən kənara çıxa bilmirik? Yenə III ixtisas qrupunda ən çox sənəd verən, ən ağır müsabiqə şərtləridir. Nədir bu, humanitar fənlərə meyllilik, III ixtisas qrupu sevgisi? Şair xalqıq, ondanmı? 



Təhsil eksperti, pedaqoq Elşən Ramizoğlu qəbul imtahanlarının məlum nəticələrini  “Şərq”ə şərh edərkən diplom əldə etmək istəyinin cəmiyyətdə hələ də yüksək olduğunu dedi: 

- Valideynlər istəyir ki, övladları ali təhsil alsın. III qrupda humanitar fənlərdir və valideyn düşünür ki, övladı 600-700 bal toplayıb hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, Dövlət İdarəçilik Akademiyasına… qəbul olunmasa belə, “ən azından” müəllim ola bilər. I qrupda texniki fənlərdir, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat fənləri şagirdləri qorxudur. Uşaqlar bu fənlərdən qorxurlar. Mən kimya müəllimiyəm, görürəm ki, şagirdlər bu fənlərdən çəkinirlər. Çəkingənliyin, bu  fənləri sevməməyin əsas səbəbi müəllimlərin lazımi şəkildə onları tədris edə bilməməsidi. Müəllim fənni şagirdə sevdirə bilsə, heç bir fənn çətin deyil. Təbii ki, mən şagirdlərin individual bilik səviyyələrini, öyrənmə, mənimsəmə qabiliyyətlərini istisna etmirəm. I ixtisas qrupunda ali təhsil almaq imkanı daha çoxdur. Çünki keçid balları, adətən yüksək olmur. İV ixtisas qrupu daha çətindir, çünki burada əsasən tibb ixtisasıdı. Tibb ixtisasını qazana bilməyənlərə kimya müəllimi ixtisasını seçmək qalır. Əlbəttə, hazırda dünyada yeni ixtisaslar, cəmiyyət həyatında ehtiyac duyulan peşələr çoxdur. İnsan zamana və tələbata uyğun ixtisas və ya peşə seçməsinin özü bir bacarıq, uzaqgörənlikdir. Hər bir elm lazımlıdır, ancaq balansın qorunması da vacibdir. Builki qəbul imtahanlarında diqqət çəkən əsas məqam yenə də dövlət sifarişli yerlərə nisbətən ödənişli əsaslarla təhsil alacaq tələbələrin sayının çox olmasıdı. Bunun da səbəbi dövlət sifarişli ixtisaslara gərəkən keçid ballarının toplanmamasıdı. Hesab edirəm ki, builki qəbul imtahanlarında abituriyentlərin göstəricilərinin aşağı olması birbaşa pandemiya ilə bağlıdır. Dərslərin ritminin pozulması, onlayn tədrisin əlçatanlığının təmin edilməməsi, imtahan şərtlərinin dəyişməsi – qoruyucu maska, sosial məsafə, gigiyena qaydalarına riayət, hərarətin ölçülməsi, bunların hamısı şagird və abituriyentlər üçün dəyişiklik idi və hər bir dəyişiklik də nəticələrə öz təsirini göstərir.
          
Qeyd edək ki, builki qəbul imtahanlarında subbakalavrların ali təhsil müəssisələrinə qəbulu da diqqət çəkir. Ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edib  tələbə adını qazanmış 42731 nəfərin 5785-i subbakalavrdır. Onların da arasında ödənişli və ya dövlət sifarişli əsaslarla təhsil almaq hüququ əldə edənlər var. Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə qəbul olub. 
Azərbaycanda kolleci bitirən subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul ola bilərlər. Lakin bu imkan yalnız subbakalavr dərəcəsi alan (2012-ci ildən sonra kolleci bitirən) məzunlara aiddir.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
Subbakalavrların bəzi hallarda ali məktəbə imtahansız qəbul oluna bilməsinə isə münasibət birmənalı deyil. Ali məktəb müəllimləri subbakalavrların (orta ixtisas məktəbindən ali məktəbə gələnlərin) səviyyəsi ilə ali məktəbə qəbul imtahanlarında iştirak etmiş tələbələr arasında böyük fərq olduğu qənaətindədir və bu fərqin təhsil müddətində də özünü göstərdiyini iddia edirlər. 

E.Ramizoğlu bu iddialarla razılaşmadığını dedi: 

- Subbakalavrlar arasında elələrini görmüşəm ki, öz üzərlərində çalışıb, püxtələşib və ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyub və buna nail olub. Məsələn, İqtisad Universitetində hazırlıqlı tələbələr var ki, məhz orta ixtisas təhsilindən ali məktəbə gəliblər. Sadəcə, burada orta ixtisas  təhsili məktəbinə qəbulda təyin edilən keçid ballarıyla ali məktəbə qəbul balları arasındakı fərq mübahisə yaradır. Bu da məncə, anlayışla qarşılanmalıdır. Orta ixtisas təhsili ali təhsil deyil. Ballar eyni ola bilməz. Amma orta ixtisas təhsili məktəbini bitirib deyə, savadı, biliyi azdır, deyib, kimisə ali məktəbə daxil olmasının qarşısı kəsilməməlidir. Dediyim kimi, orta ixtisas təhsili pilləsində xeyli hazırlıqlı tələbələr yetişir və onlar özlərini ali məktəb tələbəsi kimi təsdiqləyirlər.