Repetitorlara XƏBƏRDARLIQ! - "İstilik ölçən cihaz alın, maskadan istifadə edin, məsafə saxlayın !"

“Müəyyənləşdirilmiş qaydalara riayət edilməlidir ki, yenidən normal həyatımıza qayıdaq”


Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə repetitorluq məsələsinə də toxunub. Nazir repetitorluq fəaliyyətində hansısa bir qadağanın nəzərdə tutulmadığını deyib. O, bildirib:
“Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir”.

Məlumdur ki, mart ayından etibarən ölkəmizdə ənənəvi tədris prosesi dayandırıldı. Hazırda ölkəmizdə koronavirusa yoluxma halı kəskin artıb. Bu baxımdan indiki məqamda repetitorluq fəaliyyəti də müəyyən qədər risk doğurur.



Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a deyib ki, repetitorluq fəaliyyətində iki məqama diqqət yetirmək lazımdır. Birincisi, təhsilin əlçatanlığı, şagirdlərdə fərdi bilik və bacarıqların formalaşmasıdır. İkinci məqam isə sağlamlıqla bağlıdır:

“Hətta cənab Prezident də çıxışlarında deyir ki, bizim üçün ən vacibi insanların sağlamlığıdır. Məsələn, bu gün yoluxma sayı 1022 nəfərdir. Nəzərə alsaq ki, 10 günə yaxındır orta ümumtəhsil məktəblərində tədris həyata keçirilmir. Deməli rəqəmlərin artmasına müəyyən hazırlıq kursları və repetitorluq fəaliyyətinin mövcudluğu təsir göstərə bilər.

Orta məktəblərə daxil olan zaman şagirdlərin istiliyi ölçülür, qoruyucu maskalardan istifadə tələb kimi qoyulurdu. Lakin repetitorların maskadan və spirtdən istifadə, ara məsafəsinin gözlənilməsi kimi tələbələrə riayət edib-etməməsi məlum deyil”.

Ekspert vurğulayıb ki, bütün hallarda şagirdlərin bilik və bacarıqlarını formalaşdırmalıyıq:

“Amma etiraf edək ki, xüsusilə repetitorların fəaliyyəti hazırda nəzarətdən kənardır. Təklif edirəm ki, ölkəmizdə repetitorluq fəaliyyəti üçün lisenziyalaşma sistemi olsun. İlk növbədə repetitorluq fəaliyyəti göstərən şəxslər vahid mərkəzdən qeydiyyatdan keçməli, bilik və bacarıqları yoxlanmalı, onlara fəaliyyəti icazəsi verilməli və harada fəaliyyətlə məşğul olduqları nəzarətdə olmalıdır.

Çünki rəsmi dövlət orqanları mütəmadi olaraq orada qaydalara nəzarət edildiyini yoxlaya bilməlidirlər. İndiki halda repetitorluqla məşğul olan hər kəs evində və ya kirayə tutduğu hansısa yerdə tamamilə nəzarətdən kənardır”.

K.Əsədovun sözlərinə görə, ölkəmizdə koronavirusa yoluxma sayınln artmasında məhz repetitorluq fəaliyyətinin təsiri mümkündür:

“Uşaqlar məktəbə gələndə yoluxma halları baş verirdisə, deməli, repetitor yanına gedəndə də yoluxma halları baş verə bilər. Ona görə repetitorlar mütləq şəkildə istilik ölçən cihaz almalı, maskadan istifadə etməli və ara məsafəsini gözləməlidirlər.

Müəyyənləşdirilmiş qaydalara riayət edilməlidir ki, yenidən normal həyatımıza qayıdaq”.