“Bu məsələnin hüquqi prosedurları tam həyata keçirilməyib. Yəni ortada konkret Qanun layihəsi yoxdur”
“Hazırda tədris prosesi Nazirlər Kabinetinin müvəqqəti qaydaları ilə həyata keçirilir. Bu isə tam hüquqi baza demək deyil”
“Deməli, “Distant təhsil haqqında” xüsusi Qanun qəbul edilməlidir”
Koronavirus pandemiyasının həyat tərzimizi dəyişməsilə artıq barışmaqdayıq. Vallah, heç kimin- nə şagirdin, nə tələbənin, nə müəllimin, nə də valideynin distant təhsilə etirazı olmaz. Ən azından ona görə ki, yola pul getmir, evində oturub, dərsə qoşulursan. Amma internetin bitib-tükənməyən problemləri sanki koronavirus kimi mutasiyaya uğrayır, cilddən-cildə girir.
İlk tədris günündən etibarən əsas narazılıq internetin problemlərinə görə dərsə qoşula bilməyən şagird və tələbəyə “qayıb” yazılmasıdır. Əlbəttə, sui-istifadə halları da istisna deyil. Amma etiraf etməliyik ki, bax, elə bu məqamda auditoriyalar üçün “burnumuzun ucu göynəyir”. Zəng vurulanadək hər kəs auditoriyada olmalıdır. Gəlməmisənsə, “qayıb”ın üstündən rahatlıqla soyuq su içə, müəllimə də heç nə deyə bilməzsən. Fəqət indiki halda hansısa texniki çatışmazlıq, nasazlıq şagirdin, tələbənin günahı deyil. Elə isə məsələ necə tənzimlənməlidir?
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bu suala aydınlıq gətirib:
“Təhsil haqqında” Qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə turulub. Amma bu məsələnin hüquqi prosedurları tam həyata keçirilməyib. Yəni ortada konkret Qanun layihəsi yoxdur. Hazırda tədris prosesi Nazirlər Kabinetinin müvəqqəti qaydaları ilə həyata keçirilir. Bu isə tam hüquqi baza demək deyil.
Deməli, “Distant təhsil haqqında” xüsusi Qanun qəbul edilməlidir. Bildiyimiz kimi, tələbələrin 70 faizə qədəri regionlarda yaşayır. Onlardan bir çoxunun internet problemləri var.
Texniki alətlərdən, o cümlədən kompüterdən, planşetdən məhrumdurlar. Həmçinin Nazirlər Kabinetinin müvəqqəti qərarlarında göstərilib ki, tələbələr dərs saatlarının ən azı yarısında iştirak etməlidirlər, əks halda imtahana buraxılmır. Şagirdlər üçün isə belə bir məhdudiyyət nəzərdə tutulmayıb.
Əgər belədirsə, yəni tələbələrdən dərsə qoşulmaq tələb edilirsə, deməli, ali təhsil müəssisələri təhsil haqlarında 50 faiz güzəşt etməlidir ki, gənclər həmin pulla texniki təchizatlarını həyata keçirə bilsinlər.
Həmçinin ali məktəblər mütləq elektron resurslarının imkanlarını genişləndirməli və dediyim kimi, hüquqi baza formalaşmalıdır”.