Çalışan adam istedadlı adamdan ön planda tutulur

Azərbaycan sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramını öyrənəcək


Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Nazirlikdən bildirilib ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb. Marşal Kavendiş İnstitutu və Azərbaycan Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər.

Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlim görəcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq. Bəs Sinqapur modeli nədir?

Mövzuya münasibət bildirən Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Qələmşah Dostuyev “Şərq”ə açıqlamasında bildirib ki, Sinqapurda təhsil iqtisadiyyata yönəlikdir. Ekspert vurğulayıb ki, həmin ölkədə təhsili iqtisadiyyatın lokomotivi kimi götürürlər:

“Məsələn, bizim iqtisadiyyatımız hansı istiqamətdədir, fürsətlərimiz nədən ibarətdir, hansı istiqamətdə inkişaf etdirə bilərik, əhali daha çox hansı sektorda işləyəcək və tələb olacaq? Əgər Azərbaycanda sunami təhlükəsi və böyük dənizlər, okeanlar yoxdursa, bu istiqamətdə mütəxəssis yetişdirməyə də ehtiyac yoxdur. Ya da ölkədə turizm potensialı böyükdürsə, bu sahədə mütəxəssis yetişdirmək lazımdır. Nüvə mühəndisliyi üzrə mütəxəssisə isə ehtiyac yoxdur və sair. Sinqapurda 12 yaşadək əsasən ana dili, xarici dil və riyazi təfəkkürü inkişaf etdirirlər. Riyaziyyatı hadisələrə riyazi üsulla və məntiqlə baxmağı öyrədən bir elm kimi öyrənirlər. Sosial elmlər haqqında geniş bilgi toplayır, məktəbdə aktiv sosial tədbirlər keçirir və idmanla məşğul olurlar. Yəni təhsil prosesi oxuyub-öyrənmədən daha çox, problemin necə həll edilməsinin yollarını öyrənməkdən keçir. Öyrənərkən ilk mərhələdə gerçək obyektlər üzərindən öyrənilir. Daha sonrakı mərhələlərdə rəsmlər və şəkilli obyektlər, sonda isə simvollar üzərindən keçirilir. Sinqapurda 3 yaşından məktəbəhazırlıq başlayır və 6 yaşa kimi davam edir. Bu həm özəl, həm də dövlət təhsil müəssisələrində ola bilər.  6-12 yaş arası isə ibtidai təhsil verilir və bu təhsil icbaridir. Övladlarını ibtidai təhsildən yayındıran valideynlər isə cəzalandırılır.  Bu 6 il ibtidai təhsil zamanı uşaqlara yalnız ana dili, xarici dil və riyazi düşünməni öyrədirlər. Bundan əlavə uşaqların sosial tərəfləri inkişaf etdirilir, aktiv sosial tədbirlərdə iştirak edir və idmanla məşğul olurlar. Daha sonra orta təhsil başlayır”.

Ekspert qeyd edib ki, Sinqapurda istedad ikinci plandadır, çalışmaq isə birinci plandadır:

“Çalışan adam istedadlı adamdan ön planda tutulur. Sinqapur təhsili fərdi yanaşmanı inkar edir və çalışqan hər bir insanın istənilən sahədə uğur qazana biləcəyini iddia edir və hamıya eyni mövzunu keçirlər. Siniflərdə şəkillər və başqa materialların olmasına icazə verilmir. Sinif otaqlarında yalnız dövlət bayrağı və saat ola bilər. Qalan şeylər şagirdlərin diqqətini yayındırdığı üçün yığışdırıblar. Siniflərdə güclü rəqabət ortamı formalaşdırılır və bir-birinin səhvini aşkar etməsi yönündə təşviqlər olur. Müəllimlərin özlərini inkişaf etdirməsi üçün bütün imkanlar yaradılır və bir müəllimi digər müəllimin dərsini izləməsi, problemləri qabartması üçün həvəsləndirirlər. Hətta Sinqapurda son çarə kimi, oğlan uşaqlarının yüngülcə vurulmasına da icazə verilir. Müəllimlərə 1500-2500 dollar arası əmək haqqı verilir”.