Onsuz da ordumuzun zəfərləri tarix dərsliklərinə salınacaq
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “8 Noyabr” zəfər günü ilə bağlı maraqlı təklif irəli sürüb.
O bildirib ki, noyabrın 8-nin təhsil müəssisələrində qeyd edilməsinin tərəfdarıdır. Professorun fikrincə, sərəncama uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun - “zəfər-vətən” dərslərinin keçirilməsi yaxşı olar:
“Həmin gün bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən, azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığından, birlik və həmrəyliyimizdən danışsınlar”.
N.Yaqublu həmçinin deyib ki, zəfər günlərindən, həmrəyliyimizdən bəhs edən müxtəlif görüntlülər, slaydlar vasitəsilə belə dərslərin keçirilməsi məqsədəuyğundur:
Sözügedən təklif haqqında fikirlərini “Şərq”lə bölüşən təhsil eksperti Nabatəli Qulamoğlu “8 Noyabr” qələbə gününün Azərbaycan tarixində iz qoyacağını söyləyib:
“Lakin bütün təqvim boyu bayramlarımız, əlamətdar günlərimiz var. Bunların hamısını məktəbə köçürmək çətinlik yaradır. Onsuz da ordumuzun zəfəri dərsliklərdə öz əskini tapacaq. Tarix dərsində mütləq öyrədiləcək.
Qəbul imtahanlarına da salına bilər. Baxmayaraq ki, tarix dərslərində nəzərdə tutulmayıb. Lakin kitabda olmasa da imtahanda bu barədə suallar veriləcək.
8 Noyabr tarixini bilməyən abituriyent tələbə ola bilməz. Həmin təklif Nəsiman bəyin arzusudur. Güman edirəm ki, bir çox Azərbaycan vətəndaşının da istəyidir. Sadəcə məktəblərimizi çox yükləyirik.
Bizim məişət həyatımızı əks etdirən bir fənn var. Bütün bunlar həmin dərslikdə öz əksini tapır. Hər məsələyə görə şagirdlərin bir gününü məşğul edib, dərs keçməyə ehtiyac yoxdur. Onsuz da ki, tarix dərslərində tədris ediləcək”.