"Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir”
“Dünən, 19 dekabrda Təhsil Nazirliyi Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil edib. Burada IV, VI və IX siniflərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə 40 - 90 test tapşırığı təqdim olunub”.
Bu sözləri şəxsi feysbuk səhifəsində təhsil eksperti Kamran Əsədov yazıb. Ekspert vurğulayıb ki, bu orta məktəb şagirdlərinin platforma vasitəsilə ilk qiymətləndirilməsi idi:
“Bəli, müəyyən texniki çatışmazlıqlar var idi. Amma ümumilikdə işi müsbət qiymətləndirmək olar. Bu onu göstərir ki, gələcəkdə bütün siniflər üzrə məktəbdaxili qiymətləndirilmənin bu formada aparılması mümkündür. Düzdür, bəzi valideynlər övladlarının yerinə suallara özləri cavab yazıb, lakin onlar unudurlar ki, milli qiymətləndirilmənin şagirdin orta məktəb qiymətləndirilməsinə təsiri yoxdur. Bu KSQ,BSQ deyil”.
Ekspert qeyd edib ki, bu qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir:
“Əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək olan milli qiymətləndirmə sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır. Bir də təkrar qeyd edirəm. Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir”.