Köhnə tarixlə diplom alanlar bilməlidir ki, diplomları tanınmayacaq
"İstənilən şəxs vahid sistemə daxil olmaqla, portaldan məlumat əldə edə bilər; bu universitetin fəaliyyətinə icazə varmı, tələbə qəbuluna lisenziyası varmı və diplomları tanınırmı"
Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomları tanınmayan ali təhsil müəssisələrinin siyahısını təqdim edib. Qeyd edilir ki, Agentliyə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.
Agentlikdən "Report"a verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının Azərbaycan ərazisində filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:
- Dağıstan Dövlət Universiteti;
- Cənubi Rusiya Humanitar İnstitutu;
- Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;
- Rusiya Dövlət Sosial Universiteti.
Yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:
- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
- V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
- İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.
Agentlik diplomları tanınmayan ali təhsil müəssisələrinin adlarını açıqladı, amma bir neçə il bu ali məktəblərdə təhsil almış və buna görə ödəniş etmiş tələbənin “sənin diplomun tanınmır” qərarını eşitməsi etiraf edək ki, böyük xəyal qırıqlığıdır. Buna görə kim məsuliyyət daşıyır? Valideynmi, ali məktəbin rəhbərliyi, yoxsa qanunsuzluğa zamanında göz yumanlar?
Mövcud durumu “Şərq”ə şərh edən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bir neçə il öncəyə qədər diplomların tanınması məsələsində qeyri-şəffaflıq vardı və bir sıra ali məktəblər də vəziyyətdən sui-istifadə edərək qeyri-qanunu tələbə qəbulu həyata keçirirdi:
- 2013-cü ilədək bu vəziyyətə göz yumulub. Universitetlər və ya filialların hərəsi bir bina tutmuşdu, imtahandan kənar qəbul həyata keçirirdilər. Təhsil Nazirliyinin ovaxtkı rəhbərliyi, rəsmiləri bu universitetlərdə görüşlər keçirir, onları ziyarət edir, ali məktəb rəhbərləri ilə fotolar çəkdirirdi. Vətəndaşlarda da belə fikir formalaşırdı ki, bu ali məktəblər yaxşıdır, etibarlıdır. Ona görə də Azərbaycan ali məktəblərinə daxil ola bilməyənlər, üz tuturdu xarici ölkələrin burdakı filiallarına. Əlbəttə, burada əhalinin “diplom sevgisi” də böyük rol oynayırdı. “Təki övladımın diplomu olsun”, düşüncəsi ilə hərəkət edən valideynlər tələb olunan ödənişi edir və övladının ali məktəb tələbəsi olmağıyla qürurlanırdı. Təbii ki, məsuliyyət qanunsuz tələbə qəbuluna göz yumanlardadır. Sonradan diplomları tanınmayan universitetlərin tələbə qəbulu üçün lisenziyası olmayıb. Onların fəaliyyət istiqaməti elmi-tədqiqat, elmi təcrübələr və sair, tələbə qəbulundan kənar istiqamətdə təsdiqlənmişdi. Lakin onlar qanunsuz tələbə qəbulu həyata keçirirdilər. Tələbə qəbulu üçün lisenziyası olanlarsa plandan artıq tələbə qəbulu həyata keçirirdi. Çünki tələbə qəbulu üçün lisenziyadan əlavə həm də plan yerləri tələb olunur. Ancaq onların belə bir icazəsi yox idi. Köhnə tarixlə diplom alanlar bilməlidir ki, diplomları tanınmaycaq. Onların fəaliyyəti mövcud Azərbaycan qanunları ilə üst-üstə düşmür.
K.Əsədov bildirdi ki, 2016-cı ildən etibarən vahid elektron baza yaradılıb. Lisenziya, akkreditasiya ilə bağlı bütün məlumatlar elektron bazada yerləşdirilib:
- Azərbaycanda lisenziyasız fəaliyyətlə bağlı problem yoxdur artıq. Problem xarici ölkə ali təhsil müəssisələri ilə bağlı ola bilər. Lakin vahid portal mövcuddur. Avropa ali təhsil müəssisələri ilə bağlı da vahid Avropa sistemi var. Bu gün istənilən şəxs vahid sistemə daxil olmaqla, portaldan məlumat əldə edə bilər; bu universitetin fəaliyyətinə icazə varmı, tələbə qəbuluna lisenziyası varmı və diplomları tanınırmı. Valideynlər də diqqətli olmalı və məlumatları əldə etməlidirlər. Eyni zamanda məlumdur ki, Azərbaycanda vahid tələbə-məzun sistemi fəaliyyət göstərir və ondan kənar ölkə daxilində tələbə qəbulu aparıla bilməz.