Minlərlə tələbənin arzusu reallaşacaq

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 

Dövlətin 40 min tələbəyə kredit vermək imkanı mütərəqqi hadisədir

"Təhsil tələbə kredit fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacaq"

Ötən gün Təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində Təhsil Nazirliyinin 40 minə yaxın tələbəyə kredit vermək imkanı olduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Təhsil Tələbə Krediti Fondu ötən yay tətili ərzində bir çox işlər görüb: “Oktyabr ayı ərzində bununla bağlı elektron sistem işə düşəcək. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. 

Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olan sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək: 

“Fondun nizamnamə kapitalı 80 milyon manatdır. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Hər kəs tələbə krediti almalıdır deyə bir qayda yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda təhsil kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".

Bəs prosedur necə olacaq? Hansı tələbələr yararlana biləcək?

Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki,  son illər bir çox tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, ali təhsilini yarımçıq saxlayıb. Ekspert qeyd edib ki, bu tələbə krediti məhz ali və orta təhsilin əlçatanlığına xidmət edəcək: 

“Təhsil tələbə kredit fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacaq. Bu kredit fondu Təhsil Nazirliyinin tabeçiliyində olacaq. Kredit fondunun əsas məqsədi ödənişli əsaslarla təhsil alan və əhalinin sosial həssas qrupuna aid olan şəxslərə kreditin verilməsidir. Eyni zamanda yüksək akademik göstəriciləri olan tələbələrə də kreditlər veriləcək. Hansı ki, onlar yüksək bal toplayaraq ödənişli əsaslarla təhsil alırlar. Qeyd edim ki, təhsil tələbə kredit fondundan iki kateqoriya kredit veriləcək: sosial və standart. Sosial həssas qruplara, standart isə akademik göstəriciləri yüksək olanlara veriləcək. Ümumilikdə, təhsil naziri açıqladı ki, 40 minə yaxın tələbəyə kreditin verilməsi nəzərdə tutulur. Bu həm ali, həm orta ixtisas, eyni zamanda magistratura pilləsində təhsil alanlara şamil olunur. Qeyd edim ki, 40 min tələbəyə kreditin verilməsi müasir dövr üçün mütərəqqi qərardır. Çünki bilirsiniz ki, hər il təhsilin sırf ödənişi ödəyə bilməmək ucbatından dayandıran yüzlərlə tələbəmiz var idi. Bu nöqteyi-nəzərdən kreditin verilməsi əlverişli imkan yaradır ki, həmin tələbələr təhsillərini davam etdirsinlər. Nəzərə alaq ki, bizdə hər ali, eyni zamanda orta ixtisas təhsil müəssisələrinə qəbul olan tələbələrin təxminən yarıdan çoxu ödənişli əsaslarla təhsil alır. Təbii ki, kreditin verilməsi təhsilin onlar üçün əlçatanlığını təmin edəcək". 

Təhsil eksperti vurğulayıb ki, standart kredit akademik göstəriciləri 75 bal üzərində olan şəxslərə veriləcək, əsasən də bu il qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbələrə şamil olunacaq: 

"Tələbələr krediti almaq üçün birbaşa Təhsil Nazirliyinə, eyni zamanda Tələbə Təhsil Kredit Fonduna müraciət etməlidir. Müraciət əsasında onlara müəyyən olunmuş iki kateqoriyada hər hansısa birinə aid olduqları müəyyən olunarsa, onlara təhsil aldıqları ixtisasın illik təhsil haqqı nə qədərdisə həmin məbləğdə kredit veriləcək. Təhsil kreditinin geri qaytarılması müxtəlif üsullarla baş tutacaq. Bəziləri iş həyatına başlayandan sonra, bəziləri də tələbəlik dövründə aldığı təqaüdlə krediti geri qaytara bilər. Hesab edirəm ki, bu yenilik ödənişli əsaslarla təhsil alan tələbələr üçün uğurlu qərardır".

Aynurə Pənahqızı