Dərsdə uşaqlar mat qalmayacaq


Orta məktəblərdə şahmat fənninin tədrisi valideynlərin də ürəyincədir

Şahmatı sevən məktəblilərin başqa fənlərə də marağı böyük olur

"Müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər"

Ölkəmizin hər yerində Olimpiya komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu istiqamətdə şahmata olan diqqət və qayğı da vurğulanmalıdır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə başlayıb.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, bu kimi uğurların ildən-ilə artmasının səbəbi şagirdlərin erkən yaşlardan şahmatla orta məktəbdə tanışlığı, onlarda ilkin bilik və bacarıqların formalaşdırılmasıdır. Ekspert qeyd edib ki, təkcə orta məktəblərdə yox, eyni zamanda demək olar ki, bütün rayonlarda yeni şahmat məktəbləri tikilib: 

"Şahmat məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. 2012-2013-cü tədris ilindən etibarən orta məktəblərimizdə şahmat fənninin tədrisinə başlanılıb. Əvvəllər şahmat bacarıqları fiziki tərbiyə fənninin daxilində il ərzində 3-5 saat ayrılmaqla tədris olunurdu. Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır. Əvvəllər 2-ci və 3-cü siniflərdə tədrisi nəzərdə tutulan fənnin daha sonra 4-cü sinifdə də tədrisi proqramına daxil edilib. Zaman keçdikcə bu fənnin uşaqlara böyük ovqat bəxş etdiyini, intellektual səviyyələrinin yüksəltdiyini müşahidə etdikdən sonra I-IX siniflərdə də bu fənn tədris olunmağa başlanıldı. Vacib bir məqamı qeyd edim ki, respublikamızın tam orta məktəblərində şahmatın ayrıca fənn kimi tədris olunması sevindirici haldır. Çünki şahmat elə bir idman növüdür ki, hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır". 

K.Əsədov əlavə edib ki, şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır və bu da hər bir məktəbli üçün vacib şərtlərdəndir: 

"Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və şahmatın əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil edilməsi, uşaqların intellektual biliyinin inkişafında böyük təsiri vardır. Onlar ən çətin vəziyyətlərdə çıxış yolu tapmağı, mühakimə yürütməyi  bacarırlar, zehinləri inkişaf edir. Həmçinin başqa fənlərə də maraqları artır. Şahmatla məşğul olan uşaqların digər şagirdlərlə müqayisədə böyük fərqi var. Şahmatla məşğul olan uşaqların məntiqi təfəkkürü güclü olur.  Bir məsələni də qeyd etmək istərdim ki, valideynlər arasında keçirilən sorğu da bunu dəstəkləyir. Belə ki, valideynlərin fikrincə, şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlib. Uşaqların özlərinin də şahmata həvəsi böyükdür. Uşaq əgər yarışda iştiraka can atırsa və bunu vaxtaşırı tələb edirsə, demək o bunu istəyir. Ona görə də müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər. Bir məqamı da qeyd edim ki,  müxtəlif yaşlı insanlar asudə vaxtlarında daha çox intellektual idman növlərinə üstünlük verirlər. Stolüstü oyunlar bu qəbildəndir. Şahmat onların arasında daha böyük nüfuza malikdir. Belə bir dövrdə, "Covid-19" pandemiyasının yayıldığı bir zamanda evdə bütün yaş katoqoriyalarının istifadə etdiyi ən münasib oyunların başında məhz şahmat oyunu gəlir".

Aynurə Pənahqızı