Xaricdə təhsil alan gənclərin sayı artacaq

Təhsil ekspertləri dövlət başçısının sərəncamını alqışlayıb

O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur

Ötən gün Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.  Sərəncamdan irəli gələn məsələləri dəyərləndirmək üçün təhsil ekspertləri ilə söhbət apardıq.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında sərəncamı yüksək dəyərləndirib. Ekspert qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması ilə bağlı verilən Prezident sərəncamı böyük hadisədir:

 "Buna qədər Azərbaycan belə bir layihəni həyata keçirib. Prezidentin bununla bağlı 2007-2015-ci illər üçün xaricdə təhsil proqramı var idi. Bu zaman 5 minə yaxın gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi. Ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasını istəyiriksə, dünya universitetlərində təhsil almış gənclərimizə böyük ehtiyacın olduğunu görərik. O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur. Buna misal olaraq, Sinqapuru, Cənubi Koreyanı, Malayziya və digərlərini göstərə bilərik. Təəssüf ki, Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara cavab verən kadrlar hazırlamır. Ona görə də Azərbaycan əmək bazarında keyfiyyətli xidmətin formalaşması üçün xarici ölkələrə mütəxəssislər göndərməyə məcburdur". 

Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb ki, xaricdə  təhsil almaq bir çox tələbə üçün əhəmiyyətli nüanslardan biridir.  Ekspert qeyd edib ki, ümumiyyətlə, xaricdə təhsil almaqla bağlı dövlətin müəyyən proqramları mövcuddur:

"Prezidentin verdiyi yeni sərəncam əsasında dünyanın bir sıra ölkələrində Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaları üçün imkanlar yaradılacaq. Eyni zamanda gələcəkdə daha çox perspektiv vəd edən ölkə universitetlərində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən dəstək veriləcək. Əvvəllər tələbələrimiz yalnız öz hesablarına gedirdilər, yaxud da ki, müəyyən məhdud sayda Çində, Macarıstanda, Türkiyədə təhsil alırdılar. Ancaq yeni sərəncama əsasən  artıq bu sayda müəyyən artım olacaq. Eyni zamanda, təkcə bir ölkədə deyil, daha çox ölkədə təhsil almalarına imkan yaradılacaq. Düşünürəm ki, bu da dövlət başçısı tərəfindən Azərbaycan gəncliyinə verilmiş bir töhfədir. Eyni zamanda bunu dövlətimizin gələcəyi üçün Azərbaycan gəncliyinə, insan kapitalına yatırılmış sərmayə kimi qiymətləndirmək olar. Qeyd edim ki, gələcəkdə  təkcə Avropa ölkələrinə deyil, Şərq ölkələrinə, eləcə də Çin, Koreya, Yaponiya, Sinqapur istiqamətində də tələbələrin göndərilməsi nəzərdə tutulacaq".