Peşə təhsili regionlara da ayaq açdı


Burada təhsil alan şəxslər gələcəkdə əmək bazarında daha rahat iş tapa biləcəklər

Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb. 

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Xüsusi qeyd olunmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı artırır. Bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi də əsas vəzifələrdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına müsbət təsir göstərir.

Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb ki, son illər ölkəmizdə peşə təhsili liseyləri və məktəbləri nəinki paytaxtımızda, eləcə də regionlarımızda da inkişaf etməkdədir.  Ekspert qeyd edib ki, bunun da başlıca səbəbi artıq tam vahid bir mərkəzdə təmərküzləşmə deyil, tədricən kənara çıxma məqsədilə atılan addımlardır:

 "Yəni artıq hər kəsin paytaxtda təhsil alması prinsipi deyil, regionlarda da sırf bu təhsillə bağlı universitetlərn, liseylərin, peşə məktəblərinin hər birinin regionda olması daha məqsədəuyğundur. Bu da gələcəyə hesablanan qərarlardır. Nəzərə çatdırım ki, peşə təhsilinin tədrisi artıq 2-3 ildir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra bir qədər inkişaf edib. Onu da qeyd edim ki, burada təhsil alan şəxslər gələcəkdə əmək bazarında daha rahat iş tapa biləcəklər".

E.Əfəndi əlavə edib ki, bu günləri peşə liseylərində üstünlük verilən əsas sahələr aşbazlıq və avtomobil ustalarıdır: 

"Həmçinin, informasiya texnologiya yönümlü  ixtisaslara da tələbat var. Peşə təhsili almaq istəyən şəxslərin məhz bu ixtisaslara üstünlük vermələri daha məqsədəuyğundur. Yaxşı olar ki,  gündəlik tələbatda istifadə olunan ixtisaslar hansılardısa, o istiqamətdə peşə təhsili alsınlar. Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi proqram çərçivəsində demək olar ki, dövlət və özəl şirkətlər də onlarla əməkdaşlıq edirlər və onlar gələcəkdə peşə məktəbini bitirən şəxslərin birbaşa işlə təminatında rol oynayırlar. Yəni agentlik özü bu məsələni birbaşa diqqətdə saxladığı üçün onlar da iş tapmaqda çətinlik çəkmirlər. Düzdür, biz peşə təhsili üzrə bitirmiş şəxsləri əvvəlki dövrlərlə müqayisə etsək, bir o qədər ciddi yanaşmırdıq. Amma hazırda Türkiyə  ilə Azərbaycan arasında sırf peşə təhsili üzrə aparılan işlər, ikili mübadilələr, təhsil proqramının birgə işlənməsi və əməkdaşlığın birgə olması nəticəsində artıq müşahidə edirik ki, bu sahəyə daha çox tələbat və diqqət var. Ötən dövrlə indiki dövr arasında peşə təhsili demək olar ki, inkişaf edib".