25-ə yaxın müəllim şəhidimiz var


Azərbaycan həm də özünün qəhrəman müəllim obrazını yaratdı

Təhsil Nazirliyi “Zəfər ilinin müəllimi” layihəsinə start verir. Nazirlikdən bildirilib ki, layihə bu ilin sonunadək davam edəcək. Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur. 

Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər. Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.

Layihə ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, "Zəfər ilinin müəllimi" layihəsi çox müsbət bir hadisədir. Ekspert qeyd edib ki, bu layihə gənclərn milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, eyni zamanda xarakterinin formalaşmasında çox mühüm rol oynayacaq: 

"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 4435 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Onların da 80 faizini xanımlar, yerdə qalan qismini bəy müəllimlərimiz təşkil edirlər. Etiraf edək ki, orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında kişi müəllimlərinin müstəsna rolu və xidmətləri var. Son illərdə məhz kişi müəllimlər əmək haqqı azlığına görə orta ümumtəhsil məktəblərindən kənar qalıblar. Məhz bu səbəbdən də şagirdlərin təlim-tərbiyəsi ilə, eyni zamanda fiziki və psixoloj inkişafı ilə qadın müəllimlər daha çox məşğul olurdular. Ancaq bizim 44 günlük Vətən müharibəmiz təkcə ölkədə iqtisadi yox, eyni zamanda sosial, siyasi, mədəni, təhsil həyatına da öz təsirini göstərdi. Buna qədər bizim cəmiyyətdə kişi obrazı və kişi xarakteri seçimində müəyyən qədər problem yaşayırdıq. Çünki bizim şagirdlərimiz özlərini daha çox xarici ölkələrdə kino və əsər qəhrəmanlarına oxşadırdılar. 

İndi isə artıq Azərbaycan özünün müsbət qəhrəman bir obrazını yarada bilib. Bu obrazı yaradanlardan biri də Azərbaycan müəllimidir. Qeyd edim ki, bizim 44 günlük Vətən müharibəsində 400-ə yaxın bizim orta ümumtəhsil məktəbində çalışan müəllim heyəti iştirak edib. Onlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda 25 nəfərə yaxın şəxs şəhid olub". 
K.Əsədov əlavə edib ki, artıq Azərbaycan müəllimi təkcə özünün biliyini nümayiş etdirmir, eyni zamanda özünün xarakterini, özünün qəhrəman obrazını uşaqlara çatdırır: "Bu günləri Azərbaycan müəllimi qalib müəllimdir. Çünki Azərbaycan müəllimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında iştirak edən müəllimdir. Ona görə də "Zəfər ilinin müəllimi" layihəsi müsbət bir hadisədir. Mən bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, gənclərn milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, eyni zamanda xarakterinin formalaşmasında bu layihə çox mühüm bir amil olacaq. Biz artıq özümüzün müsbət qəhrəman obrazımızı şagirdlərə çatdıracağıq. Mən bu layihəyə görə Təhsil Nazirliyinə təşəkkür edirəm. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində iştirak etmiş hər bir  kişi müəlliminin obrazları burada öz əksni tapacaq və hər kəsin diqqətinə çatdırılacaq. Şübhəsiz ki, bizim gənclərimizin inkişafında mədəni formada, vətənpərvər ruhda böyüməsində bu layihə öz təsirini göstərəcək.

  İnanıram ki, layihə təkcə Bakı məktəblərində yox, ucqar kəndlərdə, bütün bölgələrdə də təşkil ediləcək".