Özünü maliyyələşmə məktəblərə pis təsir göstərməyəcək


Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılılıqları aradan götürüləcək

"Ancaq məsələ ondan ibarətdir ki, bu proses şəffaf olacaqmı? Yəni məktəb direktorları əldə edilmiş gəlirləri yenə də öz yaxınlarına, qohumlarına təyin edəcəklərmi?"

Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin hamısı publik hüquqi şəxs statusu alıb. Nazirlər Kabinetindən verilən məlumata görə, ötən müddət ərzində Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin tabeliyində olan 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Nazirlər Kabinetinin bugünkü müvafiq qərarları ilə 26 orta ixtisas təhsili müəssisəsinə də publik hüquqi şəxs statusu verilib. 

Qərarı “Şərq”ə  şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb: “İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi. Çünki dövlətin varlığı başlı-başına bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək, ya da ictimai birlik deyildir. Dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var, zor tətbiq etmə səlahiyyətinə sahibdir. 

Bu səbəblə o, xüsusi hüquqa tabe yox, publik hüquqa tabedir".
Ekspertin sözlərinə görə,  fərmanla qurulan publik hüquq şəxsin müstəqilliyi həqiqi ola bilməz: "Burda maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Bilirsiz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burda tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan bu və ya digər fənlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər. Bilirsiz, hər bir təhsil müəssisəsində yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktoru qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox".
K.Əsədov vurğulayıb ki, təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar: "Belə ki, təhsil müəssisəsində rəqs dərsləri, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Orta ixtisas və peşə məktəbin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür".

Təhsil eksperti əlavə edib ki, qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur: 

"Bundan başqa orta ixtisas, peşə məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil. Xatırladım ki, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Qeyd edim ki, 2011-ci ildə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər orta məktəb öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Bu o deməkdir ki, qanunvericilik  aktlarına görə, məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Bu o deməkdir ki, heç bir halda, məqsəd və məramından asılı olmayaraq orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş, hazırlanmış məhsulların pulla satılması yolverilməzdir. Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigiyenik qaydalara nə qədər uyğun olub-olmaması məlum deyil və bu, şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər". 

K.Əsədov vurğulayıb ki, pullu xidmət dedikdə dərsdənkənar rəsm, rəqs, hansısa bir idman növü üzrə bilik və bacarıqların şagirdlərə öyrədilməsi nəzərdə tutulur: 

 “Orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə, bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdır. Məsələn, Sinqapurun iki universiteti hər il ölkə büdcəsinə 1 milyard dollara yaxın vəsait gətirir. Azərbaycanda isə nə universitet, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirmir. Yalnız mənimsəməklə məşğuldurlar. Ona görə də onlar dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilərlər. Yəni əlavə xidmətlər ödənişli olacaq. Lakin problem kadr məsələsindədir. Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlarımız yoxdur. Ona görə də ilk növbədə lazımi qədər maliyyə biliyinə malik kadrları yetişdirməliyik. Düşünürəm ki, bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevriləcək. Məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə şagird günün ikinci yarısında hazırlığa getməz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılılıqları aradan götürüləcək. Ondan sonra isə təhsildə fərqlənən şəxslərə əldə edilmiş vəsait hesabına mükafatlar veriləcək. Məsələ ondan ibarətdir ki, bu proses şəffaf olacaqmı? Yəni məktəb direktorları əldə edilmiş gəlirləri yenə də öz yaxınlarına, qohumlarına təyin edəcəklərmi? Ən vacib məsələ bu prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır".