Yeni rəqabət mühiti yaradılır


Kollec məzunları müsabiqədən keçmədən ali təhsil almaq hüququna malikdilər

Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edilir. Qanuna əlavə olunan yeni bəndə əsasən yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
Qanundakı dəyişikliyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə qeyd edib ki, ali təhsilin əlçatanlığının təmin edilməsi müsbət addımdır:
“Bu, gənclərimizin peşə təhsilinə marağının artırılması üçün olduqca vacibdir. Müstəqilliyimizin ilk illərində peşə təhsilinin maddi-texniki bazasının müasir  standartlara cavab verməməsi, məzunların işlə təmin edilməməsi gənclərin  marağını azaltdı. Hazırda  kollec məzunları müsabiqədən keçmədən ali təhsil almaq hüququna malikdilər. Yüksək texnologiyalar üzrə peşə təhsilini bitirən şəxslərə bakalavr statusunun verilməsi yaxşıdır. Həm də ali təhsil müəssisələrində abituriyentlərlə, kollec məzunları ilə bərabər rəqabətə yeni tələbə kontingenti  də qoşulacaq. Azərbaycanda ali təhsilli insanların sayının artırılmasında yeni rəqabət mühitinin yaradılmasında  böyük addım olacaq”.