Təhsil Nazirliyi işə qarışmalıdır

Hamilə və süd verən qadınların universitetlərə girişində problemlər yaranır

"Universitetlərə süni maneələr yaratmamalıdırlar. Əgər dövlətin verdiyi qərarlara riayət edirlərsə, o qərarlara da riayət etməlidirlər"

Peyvəndlərin vacibliyi hər kəsə bəllidir, xüsusən tədris müəssisələrində vaksinasiya mühümdür. Lakin xoş olmayan bir hal var ki, hamilə və ya süd verən qadınların universitetə girişi üçün problemlər yaşanır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. R.Mahmudov bildirib ki, hamilə və ya uşağa süd verən ananın universitetə daxil olması üçün onlardan ya COVID pasportu, ya da ona əks sənəd tələb olunur: 

“Hamilə qadınlar və uşağa süd verən analar peyvənddən imtina etdiyi üçün onlara əks-göstəriş sertifikatı da vermək mümkün deyil və belə bir xoşagəlmız hal yaranıb. Hətta tanıdığım bir şəxs bu problem səbəbindən tələbə hüququndan imtina edib. Hamilə qadınların peyvənd olunmasına əks-göstəriş yoxdur, amma onları məcbur da edə bilmərik. Ona görə də həmin insanların universitetlərə daxil olmalarına hansısa formada şərait yaradılmalıdır və ya bu anlaşılmaz vəziyyətə aydınlıq gətirilməlidir”.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb  ki, təəssüflər olsun ki, tək hamilə qadınlar deyil, eyni zamanda süd verən qadınlar, immun pasportu olanlar da universitetlərə, orta ixtisas təhsil müəssisələrinə buraxılması ilə bağlı problem yaşayır. Ekspert qeyd edib ki, bunun başlıca həlli universitetlərin elə özündən asılıdır: 

"Çünki əgər dövlətin verdiyi sənədi universitet qəbul etmirsə, burda əlbəttə böyük bir problem var. Bu problemi həll etmək üçün Təhsil Nazirliyi bütün universitetlərə müvafiq göstəriş təqdim etməli, yaxud da müvafiq əmr verməlidir ki, həmin şəxslər universitetlərə buraxılsın. Onların buraxılması ilə bağlı hər hansı maneə, problem yaratmasınlar. Əgər bununla bağlı hər hansı bir maneə ilə rastlaşan şəxslər olarsa,  yaxşı olar ki, onlar Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etsinlər. Çünki biz bilirik ki, birbaşa verilmiş qərar əsasında hamilə xanımlar, süd verən analar, müvafiq immun pasportu alan şəxslər birbaşa vaksinasiya prosesindən azaddırlar. O sənədləri əldə ediblərsə, onlara hər hansı bir maneə yaradılmamalıdır". 
Təhsil eksperti diqqətə çatdırıb ki, bu məsələlərin aradan qaldırılmasının yeganə yolu Təhsil Nazirliyinin universitetlərə tapşırığıdır: "Bundan əlavə, həmin şəxslər Nazirlər Kabineti yanında Operativ Qərargaha şikayət xarakterli məlumatlar verməlidir. Ümumiyyətlə, universitetlərə süni maneələr yaratmamalıdırlar. Əgər dövlətin verdiyi qərarlara riayət edirlərsə, o qərarlara da riayət etməlidirlər. Çünki həmin sənədlərdə xüsusi olaraq qeyd olunub ki, bu şəxslər vaksinasiya mərhələsindən azaddırlar. Əgər gələcəkdə dövlət qərar qəbul etsə ki, məhz bu kateqoriyaya aid olan  şəxslər vaksinasiya olunsun, o zaman universitetlərin bunu tələb etmək hüququ var. Amma hazırkı durumda belə bir qərar olmadığı üçün dövlətin verdiyi qərarlara da universitetlər riayət etməlidir".