Oxuyanlar qayıdacaq...

Dövlət kadr hazırlığına vəsait ayırırsa, ölkə bundan faydalanmalıdır

Xaricdə təhsil alan tələbələrə 10 il müddətində Azərbaycanda çalışmaq şərti qoyulmalıdır


Təhsil Nazirliyinə gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil almalarına dair Dövlət Proqramı hazırlamaq tapşırılıb. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, xaricdə təhsil proqramlarında gəncləri çəkindirən əsas bənd təhsil başa çatdıqdan sonra Vətənə geri qayıdıb müəyyən müddət ölkə daxilində işləmək şərtidir. Xarici ölkələrdə təhsil alanlar bu şərti qəbul etmək istəmir, təhsillərini başa vurduqları ölkədə də qalıb işləmək istəyirlər. Şübhəsiz ki, bunun başlıca səbəbi ixtisaslı kadr kimi yetişmiş tələbələrə həmin ölkələrdə daha cəlbedici iş imkanlarının təqdim edilməsidir. Belə gesab edilir ki, Azərbaycanda ixtisaslı kadrların işlə təmin edilməsində hələ də çətinliklər mövcuddur. Digər tərəfdən əmək haqqı da Azərbaycana nisbətən xarici dövlətlərdə daha yüksəkdir. Amma məsələ bu mütəxəssislərin hazırlanmasına məhz dövlətin sərmayə qoymasındadır. Hansı dövlət pul verib oxutdurduğu tələbədən imtina edər? Dövlət ona görə təhsil xərclərini üzərinə götürür ki, ixtisaslı kadrlar qayıdıb ölkəyə gəlsin və öz ölkəsinə, dövlətinə yararlı olsun. 

Məsələ ilə bağlı “Şərq”ə danışan təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov qeyd etdi ki, xaricdə təhsil üzrə Dövlət Proqramının əsas hədəfi ölkəyə gərək olan yüksək ixtisaslı kadrların hazırlanmasıdır: 

- 2007-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən xaricdə təhsil üzrə Dövlət Proqramı təsdiqləndi. Dövlət  Proqramı 5000 tələbənin xaricdə təhsil almasını nəzərdə tuturdu və proqramın icrası üçün 90 milyon manat vəsait ayrıldı. Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələrin sonuncu qrupu 2022-ci ildə məzun olacaq.

 Bununla da 2007-2015-ci illər Dövlət Proqramı başa çatmış olacaq.  2022-2030-cu illər üçünsə artıq növbəti Dövlət Proqramının layihəsi hazırlanmalıdır. 

Bu işdə məlum olduğu kimi Təhsil Nazirliyinə tapşırılıb. Tələbələrin bir nəsli artıq təhsil alıb geri qayıdıb, 2022-ci ildə də təhslini başa vurub qayıdanlar olacaq. Sizə deyim ki, xaricdə təhsil proqramı çərçivəsində ixtisaslı kadr olaraq yetişib ölkəyə qayıtmış neçə nəfər var ki, yüksək vəzifələrə təyin ediliblər.

 Məsələn, Təhsil naziri Emin Əmrullayevin özü. Komitə sədri işləyən var. Təhsil Nazirliyinin şöbə müdirləri arasında da xaricdə təhsil dövlət proqramı çərçivəsində təhsil almış mütəxəssislər var. ADA-nın prorektoru, Pedaqoji Universitetin prorektoru, səhiyyə sistemində, kənd təsərrüfatı sahəsində işləyən xeyli sayda mütəxəssis məhz xaricdə təhsil Dövlət Proqramı çərçivəsində təhsil alanlardır.

 Amma bundan sonra bizə başqa sahələr üzrə mütəxəssislər lazımdır. Məsələn, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, rəqəmsallaşma, texnologiya, səhiyyədə, xüsusilə virusologiya sahəsində. Dünyada hazırda problemlər mövcuddursa, bu sahələr üzrə və qarşıdakı illərdə tələbat yaranacaq ixtisaslar üzrə mütəxəssis hazırlığına dövlət sərmayə qoymalıdır. Zəruri ixtisaslara önəm verilməlidir. Misal üçün, hüquq, maliyyə sektoru üçün mütəxəssisləri ölkə daxilində də yetişdirmək olar. 

Xaricdə dövlət hesabına təhsil alanların Vətənə qayıtmaq şərtinə gəlincə, K.Əsədov bunun doğru olduğunu dedi:

- Hesab edirəm ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrə 10 il müddətində Azərbaycanda çalışmaq şərti qoyulmalıdır. Dövlət hər hansı sahə üzrə yüksək isxisaslı kadr hazırlığına vəsait sərf edirsə, ilk növbədə ölkə bundan faydalanmalıdır.  Zənnimcə, xaricdə təhsil alıb qayıdanların dövlət qurumlarında işlə təmin edilməsi ilə yanaşı, onların burada tələbə yetişdirməsinə də şərait yaradılmalıdır. Onların auditoriyada tələbələr qarşısına çıxmaları təmin edilməlidir. Belədə biz daha çox mütəxəssisin yetişməsinə nail ola bilərik.
  Aldıqları bilik və təcrübəni burda tələbələrə ötürməlidirlər.  Həm dövlət strukturlarında çalışsınlar, həm də tədris sahəsində.