Ali məktəblərin qapıları üzlərinə açıldı


Gələcəkdə peşə təhsili almaq istəyənlərin sayında böyük artım olacaq

Dünən Milli Məclisin keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, yeni qanuna görə, tələbələr subbakalavr dərəcəsi əsasında ali təhsil müəssisələrinə müsabiqədən kənar, yəni imtahan vermədən qəbul olacaqlar. Ekspert qeyd edib ki, yüksək ixtisasları bitirən peşə təhsil müəssisələrinin tələbələrinə də artıq subbakalavr dərəcəsi veriləcək:

 "Bildiymiz kimi, orta ixtisas təhsil müəssisələrinin tələbələrinə 2012-ci ildən etibarən subbakalavr təhsili verilməyə başlamışdı. Onlar faktiki olaraq ali təhsil müəssisələrinə son 3-4 ildir ki, qəbul ola bilirlər. Eyni qayda həmin yüksək peşə texniki təhsili səviyyəsi üzrə olan ixtisasları bitirənlərə də şamil olunacaq. Düşünürəm ki, bu, gələcəkdə peşə təhsili istiqamətində təhsil almaq istəyənlərin say çoxluğuna gətirib çıxaracaq. Eyni zamanda  gələcəkdə ixtisaslı kadrların hazırlanmasında müstəsna rol oynayacaq".

E.Əfəndi hesab edir ki, bu qərar qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında sırf peşə təhsili istiqamətində olan qarşılıqlı əlaqələrin inkişafına da öz töhfəsini verəcək:

 "Tələbələrin gələcəkdə mübadiləsi prosesi baş verə bilər. Yəni Türkiyədə peşə təhsili istiqamətində təhsil alanların Azərbaycanda, Azərbaycanda  alanların isə Türkiyədə təhsil almalarına imkan yaradıla bilər".