80 faizi plagiatdır...


Elmi işlər yenidən yoxlanılsın, amma bir şərtlə obyektiv olsunlar

Faiq Ələkbərli: "Elmi işi plagiat olduğu aşkarlanan “alimlər” hansısa məmura, yüksək vəzifəli şəxsə arxalanıb, cəzadan qaça biləcəklərsə, araşdırma aparmağın bir mənası qalmır"

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev "Xalq" qəzetinə müsahibəsində mühüm məsələlərə toxunub. AAK sədri müsahibəsində bildirib ki, 2021-ci il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçıya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilib. Komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilib: 

"Plagiat faktı aşkar edildikdə əvvəllər olduğu kimi yalnız iddiaçıların deyil, o cümlədən elmi rəhbər və elmi məsləhətçinin, rəsmi opponentlərin (müsbət rəy verdikləri halda), elmi seminarın sədrinin, elmi katibin və dissertasiya şurasının iclasına sədrlik edən şəxslərin məsuliyyətinə dair Əsasnamədə müddəalar mövcuddur. Elmi plagiat halları aşkar edildiyi təqdirdə Əsasnamə ilə Komissiyanın dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırmaq, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq etmək hüququ təsbit edilib. İddiaçılara münasibətdə isə plagiat faktının aşkar edilməsi ilə bağlı fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ verilməyəcək, iddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməyəcək". 

AAK sədri deyib ki, bir alimin dissertasiya işində plagiatlıq aşkarlandığı üçün, elmi dərəcədən məhrum edilib. F.Mustafayevin sözlərinə görə, komissiya şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir: 

"Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib. Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq.  

Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı. Onu da qeyd edim ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır".

Qeyd edək ki, elmdə plagiatlıq problemi dünən Milli Məclisdə də müzakirə obyekti olub. Deputatlardan bir neçəsi elmi işlərin hazırlanmasında plagiatlığın geniş yayıldığını, hətta elmi işlərin ümumilikdə bəlkə də 80 faizinin plagiat olduğunu vurğulayıblar. Alim də oğurluqla məşğuldursa, başqalarından nə gözləyəsən?..

Mövzu ilə bağlı “Şərq”ə danışan fəlsəfə doktoru Faiq Ələkbərli qeyd etdi ki, elmi işlərin yoxlanmasının tərəfdarıdır, lakin bir şərtlə:

- Əgər obyektivlik olacaqsa, subyektivliyə yol verilməyəcəksə, elmi işi plagiat olduğu aşkarlanan “alimlər” hansısa məmura, yüksək vəzifəli şəxsə arxalanıb, cəzadan qaça biləcəklərsə, araşdırma aparmağın bir mənası qalmır.  Bəzən ali təhsil haqqında saxta diplom alanları üzə çıxarıb işdən azad edirlər. Amma bu şəxslərə o diplomları verənlər məsuliyyətdən kənarda qalır. Plagiat elmi işlərlə bağlı da belə olacaqsa, özlərini yormasınlar. Elmi işlərə müsbət rəy verənlər, təsdiqləyənlər, onu elmi ada təqdim edənlər var. AAK-nın özünün də bəlkə elə əməkdaşları var ki, o elmi işlərə müsbət rəy verib. Məsuliyyət yalnız elmi iş yazanda deyil. 

F.Ələkbərli elmi dərəcələrin alınmasında sui-istifadə hallarının baş verdiyini dedi:

- Xatırladım ki, bir müddət əvvəl məmurlar elmi ad həvəsinə düşmüşdü. “Yerindən qalxan” elmi iş “müdafiə edirdi”,  elmi ad “alırdı”. Yaxşı ki, sonra bunun qarşısı alındı. Məmurların elmi ad alması dayandırıldı. Elə millət vəkilləri arasında da mövqeyindən sui-istifadə edib elmi ad alanlar vardı. Elmi işləri dəqiq, qərəzsiz, təsir altında qalmadan yoxlasalar, çoxunun bir ucu məmurlara, yüksək vəzifəlilərə, deputatlara gedib çıxacaq. Mən də razıyam, yoxlasınlar, plagiat işləri üzə çıxasınlar, amma obyektivlik olsun.