Məktəblər açılmayaydı

Payız mövsümü başa çatandan sonra vəziyyətə baxıb qərar verilməliydi

Deyirlər, ötən il təhsil axsadı. Uşaqları ki qoruya bildik. Onsuz da indi də hibrid təhsil formasıdır

"Başa düşə bilmirəm, uşağı 1 həftə, 10 gün evdə saxlamaq bu qədər çətindi?! “Təhsildən geri qalır”, kimi səbəb göstərməsinlər. İndiyədək o qədər təhsildən geri qalıblar ki! Dünya dağılmayıb"

Məktəblərdə, ali təhsil ocaqlarında yoluxma sayı getdikcə artır.  Paytaxtdakı 20 saylı məktəb-lisey, 245 saylı tam orta məktəb, “Ankara məktəbi” məktəb-liseyi, ümumiyyətlə, bütün orta məktəblərdə şagirdlər arasında yoluxma sayı çox olduqda  siniflər hissə-hissə qapadılır. Sumqayıtda, Şabranda şagirdlər arasında yoluxma sayı artdığı üçün tədris yenidən distant formaya keçirilib. Azərbaycan Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Mühəndis Universiteti, Bakı Dövlət Universitetində də yoluxma sayında yüksəlmələr qeyd edilir. Uşaqlar arasında xəstəlik faktlarının çoxalması isə xüsusi narahatlıq doğurur. 

Əgər tədrisin əyani formaya keçilməsi bu qədər yoluxma sayına səbəb olacaqdısa, niyə belə qərar verildi? Distant tədris çətin idi, təhsildə axsama vardı, bunlar məlumdur. Bəs yoluxma sayını, bundan da ağırı, şagirdlər arasında ölüm halının baş verməsi nəcə olsun?     
Bunu da qeyd edək ki, Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacaq.

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında deyib ki, vəziyyətin bu həddə çatacağı gözlənilən idi:

- Təmas artırsa, yoluxma sayının artacağı labüddür. Həm də hazırda təkcə COVİD deyil axı, mövsümi viruslar da baş qaldırıb. Ötən il hamı evdəydi, yoluxma sayı az idi. Məktəblər, bağçalar açıldı, universitetlər açıldı, yoluxma saytı da artdı. Bu, gözlənilən idi. İşi çətinləşdirən budu ki, mövsümi virus xəstəlikləri ilə koronavirusun əlamətləri eynidir. İlk başda belə olur, valideynləri də qınamıram, elə bilirlər mövsümi qripdir, “adi” respirator viruslardı, ciddi yanaşmırlar, axşam uşağa qızdırmasalıcı verib səhər bağçaya, məktəbə yola salırlar. Yoluxma belə artır, xəstəlik yayılır. Yoluxma zənciri böyüyür. Uşağın sağalma prosesi də ləngiyir və gecikir. Hamımız məsuliyyətli olmalıyıq. Hər gün səhər saatlarından zənglər gəlir valideynlərdən, uşaqlarda qızdırma, öskürək olduğunu deyirlər. Bir tərəfdən bağçaya, məktəbə yollama davam edir. Başa düşə bilmirəm, uşağı 1 həftə, 10 gün evdə saxlamaq bu qədər çətindi?! “Təhsildən geri qalır”, kimi səbəb göstərməsinlər. İndiyədək o qədər təhsildən geri qalıblar ki! Dünya dağılmayıb. Amma indi daha da ciddi yanaşma olmalıdır. Çünki məsələ uşaqların, hamımızın sağlamlığıdır. Məndən olsa, məktəblər açılmamalıydı. Əyani tədrisə başlamaq qərarı verənlər bilməliydilər ki, kontakt artacaq və yoluxma sayı da artacaq. Nə olsun ki, yayda yoluxma sayı azaldı. Yayda məktəb yox idi, ali məktəblər yox idi. Mövsümi qripləri də nəzərə almalıydılar. Bir tərəfdən məktəblər açılır, bir tərəfdən bağlanır. Bunun özü təhsilə mənfi təsir edir. Bir şəraitə uyğunlaşmamış başqa şəraitə uyğunlaşmaq lazım gəlir. Gərək bir müddət gözləyəydilər, payız mövsümü başa çataydı, sonra vəziyyətə baxıb qərar verərdilər. Deyirlər, ötən il təhsil axsadı. Uşaqları ki qoruya bildik. Onsuz da indi də hibrid təhsil formasıdır. Bağlanan məktəblər də var, hələ ki açıq olanlar da. Yoluxma sayı harda artacaqsa, ora bağlanacaq. 

V.Qarayev qeyd etdi ki, yoluxma sayının artmasının əsas səbəbkarı ailələrdir:

- Müəllimlərin əksəriyyəti peyvənd olunub. Məncə, yoluxma daha çox ailələrdən gəlir. Xəstə uşaqları məktəbə, bağçaya göndərmək lazım deyil.