İbtidai sinif müəllimlərinə pensiya müddətində güzəştlər olmayacaq


Kamran Əsədov: "Gənc müəllimlər İKT imkanlarını, o cümlədən yenilikləri, müasirliyi tədrisə daha çox tətbiq edə bilirlər"

Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya müddətində güzəştlər nəzərdə tutulmayıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna mütəmadi olaraq dəyişiklik edilir: "Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil".

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Əmək Məcəlləsinin tələblərinə görə, yaşı 65 olmuş şəxslərin orta ümumtəhsil məktəblərində fəaliyyətinə xitam verilir. Ekspert qeyd edib ki, ancaq burda müəyyən istisnalar var:

 "Birincisi, əməkdar müəllim olanlar və yaxud da son illərdə dərslik müəllifi olanlar və s. kimi göstəricilərə malik olanlara müəyyən qədər, yəni 70 yaşına qədər hər il bir il olmaqla, onlarla bağlanmış müqavilələrin müddəti artırıla bilər. Ancaq müəyyən ixtisaslar və fənlər var ki, o sahədə çalışanların əmək müqavilələri uzadılmır və bu, bir çox hallarda tövsiyə edilmir. Bunun əsas səbəbi məhz həmin fənləri tədris edən müəllimlərin daha çox zehni əməklə məşğul olması, fiziki hazırlıq tələb edilməsi burda əsas diqqət mərkəzinə gəlir. Onlardan biri də birmənalı şəkildə ibtidai sinif müəllimliyidir, eyni zamanda fiziki tərbiyə müəllimliyidir. Bu tipli fənlərdən dərs deyən müəllimlərlə bağlanmış əmək müqaviləsinin 65 yaşdan sonra uzadılmaması tövsiyə olunur. Düzdür, Azərbaycan daha çox təcrübəli müəllimlərn öyrətdikləri əsasında təhsil sistemini formalaşdıra bilib. Amma artıq elə dövrdür ki, İKT bacarığına malik, daha çevik, daha mobil qərar qəbul edən, yeniliklər gətirə bilən müəllimlər şagirdlər tərəfindən bəyənilir və qəbul edilir. Bu amili də nəzərə alsaq, təbii ki, anlaşılandır. Ümumilikdə, qeyd edim ki, dünya göstəriciləri öndə olan ölkələrdə də ibtidai sinif müəllimləri ilə bağlanmış əmək müqaviləsinə daha erkən yaşlarda xitam verilir. Bunun əsas səbəbi uşaqlarla işləmək üçün daha dinamik şəxslərin işə qəbul edilməsi prosedurudur. Düzdür, biz bilirik ki, yaşı çox olan şəxslər daha təcrübəlidirlər, onlar şagird psixologiyasını digərləri ilə müqayisədə daha yaxşı bilirlər. Amma artıq müasir dünya fərqli yanaşmanı özündə əks etdirir. Xüsusən, təhsil sistemindəki həmin müəllimlərin təkcə bilikləri yox, eyni zamanda bacarıqları da faktordur. Bu, müəyyən qədər anlaşılandır". 
K.Əsədov əlavə edib ki, müasir dövrün tələbləri İKT bacarıqları fonundadır: "Gənc müəllimlər İKT imkanlarını, o cümlədən yenilikləri, müasirliyi tədrisə daha çox tətbiq edə bilirlər. Misal olaraq, biz 2014-2017-ci illərdə keçirilən müəllimlərin diaqnostik imtahanında gördük ki, xüsusən gənc müəllimlərin göstəriciləri digərlərindən müqayisədə daha yüksəkdir. Düzdür, yaşlı müəllimlər özlərinin təcrübəsi, şagirdlərə yanaşması ilə daha peşəkardılar. Amma müasir dünya daha dinamikliyi, daha çevikliyi tələb edir".