"Təhsil kreditlərini almaq çətin olacaq"


Kamran Əsədov: "Demək olar ki, heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil"

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Bu il noyabrın 25-dən təhsil-tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bu barədə ölkə ictimaiyyətinə Təhsil Nazirliyindən məlumat verilib. Təhsil-tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. 

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial-təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır. 

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür. Tələbə-kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi ilə izləyə bilir. 

Bununla bağlı təhsil nazirinin müavini İdris İsayev brifinq keçirib. Brifinqdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev deyib ki, hazırda 60 ölkə bu sistemdən istifadə edir: “Bu, hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur. Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır. Təhsil-tələbə kreditlərinin verilməsində məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir. Yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar. Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir. Tələbə-təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək”.

Nazir mavininin sözlərinə görə, təhsil-tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır: ”Akademik borcu olanlar bundan yararlana bilməyəcək. Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Kreditin iki növü var. Bunlar standart və sosialdır. Sosial kreditlər sosial həssas qruplara veriləcək. Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri işsiz olanlar, 1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar ala bilər. Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər. Qeyd edim ki, təhsil-tələbə kreditlərinin faizləri də açıqlanıb”.

Onun sözlərinə görə, faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib: 

"Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək”.

Nazir müavini qeyd edib ki, illik təhsil haqqını ödəyən tələbələr də müvafiq şərtlərə cavab verirlərsə, təhsil-tələbə kreditləri üçün müraciət edə bilərlər. O bildirib ki, bu halda tələbənin ödədiyi təhsil haqqı ona geri qaytarılır: "Artıq tədris prosesi başlayıb. Tələbələr təhsil haqqının müəyyən hissəsini ödəyiblər. Qaydalarda həmin tələbələrin də kredit üçün müraciət etməsi ilə bağlı məsələ əksini tapıb. Tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsindən asılı olmayaraq onlar kredit üçün müraciət edə bilərlər. Bu halda tələbə tərəfindən ödənilmiş təhsil haqqı ona geri qaytarılır".

İ.İsayevin sözlərinə görə, ikinci təhsil alan tələbələr də təhsil-tələbə kreditindən yararlana bilər: "Əgər tələbə əyani təhsil alırsa və daha əvvəlki təhsilində kredit götürməyibsə, təhsil-tələbə krediti üçün müraciət edə bilər”.

Təhsil kreditləri barədə “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil kreditlərinin verilməsinə başlanılsa da, lakin praktikada onu almaq  prosedur qaydalarının çətinliyinə görə mümkün olmayacaq: 

“Qeyd edim ki, dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda 61 ölkədə tələbə kreditləri verilir. Amma ən çətin kredit verilmə şərtləri və prosedur qaydaları Azərbaycandadır. Demək olar ki, heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil. Kreditin verilməsi şərtlərində bir-neçə ciddi nöqsanı qeyd edim. Tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə müraciət etmək lazımdır. Bunun üçün isə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o, sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır. Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı varsa, o, öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir. İkincisi, şərtə görə www.e-ttkf.edu.az portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələri qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur? Üçüncüsü, fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300-dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisaslara qəbul olardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar”.

Təhsil eksperti bildirib ki, təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir:

 “Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlığına ciddi maneədir. Bu, sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq. Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa, işsiz tələbələrə kredit vermək olmazdı? Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki, bu tələbələr yüksək elmi potensiala malik olsaydılar, ödənişli əsaslarla təhsil almazdılar.  Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır”. 
Ekspertin sözlərinə görə, bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır: “Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faizdir. Ümumiyyətlə, mövcud şərtlərlə verilən tələbə kreditləri ölkə konstitusiyanın tələblərinə ziddir. Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.