Repetitorluq sistemi parçalayır! – “Təhsil kasıblar üçün əlçatmaz olur”

Elçin Əfəndi:“Hazırda biz məktəbləri gəzsək, 9-10-11-ci sinif şagirdlərini dərs zamanı otaqda tapmayacağıq”

“Məsələn, sinifdə 25-30 şagird varsa, onun yarı hissəsi iştirak etmir. Çünki onlar artıq hazırlıq üçün repetitor yanında, hazırlıq kurslarındadırlar”

“Lakin məktəblərdə dərslər dolğun şəkildə tədris olunarsa, valideynlər qazandıqlarını başqa istiqamətə xərcləməzlər”

Tanınmış jurnalist Xaqani Səfəroğlu öz Feysbuk hesabında Azərbaycan təhsilindəki repetitorluqla bağlı tənqidi paylaşım edib. Jurnalist yazıb: 

“Ölkədə təhsil kasıblar üçün əlçatmaz olmağa başlayır. Repetitorluq ölkədə Konstitusiya ilə tələb olunan pulsuz təhsil hüququnu dağıdan problemə çevrilib”.
  
Doğrudan da repetitorluqla məşğul olan müəllimlərin sayı artmaqdadır. Müəllimlər artıq siniflərdə dərs keçmək istəmirlər. Uşaqları evlərinə, hazırlığa dəvət edirlər. Hətta bəzən abituriyentlərə başqa müəllimlə hazırlaşdıqları üçün təzyiq göstərirlər. Belə olduğu halda şagirdlər də məktəbdə keçirilən dərslərə biganə yanaşırlar. Bütün biliyi hazırlıqda öyrənəcəklərini güman edib, arxayınlaşırlar. 

Təhsildəki məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi təəssüflə bildirib ki, repetitorluq fəaliyyəti son 10-12 ildə geniş vüsət alıb:

“Müəllimləri də qınamaq olmaz. Çünki əmək haqlarının azlığı onları əlavə məşğuliyyətə sövq edir. Bu gün aldıqları məvacib onların yaşam şəraitini yaxşılaşdırarsa, təbii ki, hazırlıqla məşğul olmalarının qarşısı alınar. Eyni zamanda orta məktəblərdə təhsil səviyyəsinin çətinliyi aradan qaldırılarsa, şagirdlərə yalnız lazımi biliklər verilərsə, repetitorluğa ehtiyac qalmaz.

 Çünki şagirdlərə həddən artıq ev tapşırıqları verilir, dərslər tədricən ağırlaşdırılır. Nəticədə də dediyimiz fakt üzə çıxır. Hazırda biz məktəbləri gəzsək, 9-10-11-ci sinif şagirdlərini dərs zamanı otaqda tapmayacağıq. 

Məsələn, sinifdə 25-30 şagird varsa, onun yarı hissəsi iştirak etmir. Çünki onlar artıq hazırlıq üçün repetitor yanında, hazırlıq kurslarındadırlar. Lakin məktəblərdə dərslər dolğun şəkildə tədris olunarsa, valideynlər qazandıqlarını başqa istiqamətə xərcləməzlər. Belə halların qarşısının alınması üçün təbii ki, Təhsil Nazirliyi, Təhsil İnstitutu ciddi çalışılmalıdır. Eyni zamanda dərsliklərdə müvafiq nöqsanlar aradan qaldırılmalıdır. 

Dərsliklərdə yer alan mövzuların çətinlik səviyyəsi endirilməlidir. Həmçinin müəllimlərin konkret olaraq iş saatında davamiyyəti təmin olunmalıdır. Bunlara nəzarət sistemini tətbiq etsək, nəticə əldə edə bilərik. Əks halda proses arealını genişləndirməyə davam edəcək”.