“Məktəb direktorları ilə bağlı xüsusi nəzarət mexanizi yaradılsın”

Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə təhsil sistemindəki bir sıra problemli mövzulara toxunub. O məktəb direktorlarının fəaliyyətindən danışarkən diqqətə çatdırıb ki,Təhsil Nazirliyi hər il onlarla direktoru işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırır:

“Direktorların kim tərəfindən necə təyin edilməsi deyil, təyin olunan şəxsin peşəkarlığı vacibdir. Bu gün direktorların təyinatı müsabiqə əsasındadır. Problem müsabiqəni keçənlərin sayının az olmasıdır. Məktəb rəhbərinin mövqeyini də başa düşməliyik. Direktorun həmişə günahkar olmaq ehtimalı böyükdür. Ona görə bacarıqlı müəllim direktor olmaq istəmir”. 

Nazir hazırda 500-dən artıq direktor vəzifəsi boş olduğunu söyləyib:

“Çalışırıq ki, ora düzgün və müsabiqə əsasında təyinat edək. Biz həddi aşağı sala bilmərik. Amma uzun müddət də yerləri boş saxlaya bilmərik”.

Yada salaq ki, ötən günlərdə keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun məktəb direktorlarının imtahanla işə təyinatı ilə bağlı açıqlama verib. O bildirib ki, imtahanla hər şeyi qiymətləndirməyin mümkün olmadığından bu, gərəksizdir:

 “İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s.məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir.İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Məktəb direktoru məktəbin öz içindən seçilməlidir. Məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin".
Maraqlıdır, direktorların işə qəbulunda mövcud  imtahan üsulunun ləğv olunması nə dərəcə effektiv ola bilər?

Mövzunu “Sherg.az”a dəyərləndirən təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov bildirib ki, imtahan müəyyən bir sahədə şəxsin hansısa bacarıqlarını, intellektual keyfiyyətlərini, idarəetmə bacarıqlarını üzə çıxaran prosesdir: 

“Bu işdə sadəcə olaraq kollektivə güvənmək obyektivlik deyil. Burda da bir subyektivlik ola bilər. Biz hər birimiz Azərbaycan cəmiyyətinə bələdik. Bilirik ki, bir nəfəri hər hansısa kollektivdə rəhbər qoymaq nə deməkdir. Fikrimcə, məktəblərə direktor vəzifəsinə təyinetmədə imtahanların keçirilməsi yaxşı prosesdir. Düzdür, meyarlar düzgün qoyulsa, başqa alternativlər də ola bilər”. 

Ekspert hansısa bir təhsil müəssisəsinin idarə edilməsi üçün ora bacarıqlı şəxsin təyin olunması mühüm olduğunu vurğulayıb və bu məqamda intellektin, yüksək idarəçilik qabiliyyətinin vacib amillər olduğunu söyləyib: 

“Bütün bunları imtahan prosesində nümayiş etdirmək olar. Lakin bəzi xüsusiyyətlər var ki, heç bir imtahan növü onu aşkara çıxara bilməz. Məsəl üçün ,biz hardan bilə bilərik ki, imtahanla bu vəzifəyə təyin edilən şəxsin korrupsiyaya meyli var, ya yoxdur?Təbii ki, heç cür”.

R.İsmayılov hesab edir ki, belə imtahanlardan sonra xüsusi bir nəzarət mexanizminin  yaradılması hazırda daha effektiv nəticə verə bilər:

“Beləliklə bu vəzifələrə təyin edilən şəxslərin fəaliyyətinə nəzarət edilər, onların  fəaliyyəti vaxtaşırı qiymətləndirilər.Təhsil elə bir prosesdir ki, burda qısa zaman ərzində nələrəsə nail olmaq o qədər də asan deyil. Ümid edirəm ki, zamanla bu istiqamətdə də pozitiv nələrəsə nail olunacaq”.