DİM-in təşəbbüsü alqışlandı:“Magistrlarda yazı, fikir ifadə etmə vərdişləri formalaşacaq”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə 2024-cü ildən magistraturaya qəbul qaydalarının dəyişdiriləcəyini bildirib. Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. Bununla yanaşı 2024-cü ildən hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək: “Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.Bu ildən  etibarən xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.  

Magistraturaya qəbul prosesində tətbiq ediləcək  dəyişikliyi “Sherg.az”a dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən proses yalnız xarici dil fənninə yox, eyni zamanda, gələcəkdə Azərbaycan dili fənni ilə bağlı da tətbiq edilməlidir: 

“Azərbaycan təhsil sistemi 1992-ci ildən etibarən test üsulu ilə qəbul planı həyata keçirir. İndi  bizim şagirdlərimiz ali məktəblərə qəbul olmaq üçün test imtahanından istifadə edir. Aydındır ki, bu üsul əzbərçilik üzərində qurulub.Bu ciddi bir problemdir”.

Təhsil eksperti hazırda magistraturaya qəbul olan şəxslərin sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına o qədər də malik olmadığını diqqətə çatdırıb:

“Onların əldə etdikləri informasiyalar əzbərçilik üzərində qurulub. Ona görə bu gün ən ciddi problemimiz onlarda yazı, fikir ifadə etmə vərdişlərinin formalaşdırmaqdır”.

K.Əsədov magistraturaya qəbul qaydalarında tətbiq ediləcək  yeniliyi kifayət qədər  müsbət qarşıladığını söyləyib və səbəbini açıqlayıb: 

“Nəzərə alaq ki, bizim magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər.Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə bizim magistraturaya və gələcəkdə doktorantura qəbul olacaq ,eyni zamanda, elmlə məşğul olacaq peşəkar gəclərimizin prosesə qoşulmağına imkan verəcək”.