Nə məktəblər düzələcək, nə bağçalar

Təyinatlar tanışlıq, rüşvət müqabilində aparılır  
 
Əhməd Qəşəmoğlu: "Mən ürək ağrısı ilə deyirəm, hətta tənqidlə dolu sovet dövründə insanları belə vəzifələrə təyin edəndə onların şəxsi keyfiyyətlərini nəzərə alırdılar"

Bir neçə gün öncə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışını əks etdirən videogörüntülər yayılıb. Belə ki, videoda göründüyü kimi, direktor hər kəsin içində şagirdlərə əl qaldırıb, onların şəxsiyyətini alçaldıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, DİN məsələdən xəbərdardır: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Dünən isə Xəzər rayon Binə qəsəbəsində yerləşən “Fatimə” uşaq bağçasının Esmira adlı direktorunun çəkilişə dəvət etdiyi operatorla kobud rəftarı gündəm olub. O, operatorun pulunu verməmək üçün onu təhqir edib, üstəlik, qardaşının polis mayoru olduğunu deyərək operatoru təhdid edib.

   Sosioloq-alim Əhməd Qəşəmoğlu vəzifə təyinatlarındakı yanlışlıqlardan “Şərq”ə danışarkən bildirib ki, bizdə məktəb rəhbərliyinə, uşaq bağçalarına əksər şəxslər  rüşvət verməklə, ya da hər hansısa bir əlaqələr hesabına təyin olunur: 

”Yəni bu insanları təhlil etmirlər ki, onların qabiliyyəti, mənəviyyatı, dünyagörüşü bu vəzifəyə uyğundur, ya yox. Mən ürək ağrısı ilə deyirəm, hətta tənqidlə dolu sovet dövründə insanları belə vəzifələrə təyin edəndə onların şəxsi keyfiyyətlərini nəzərə alırdılar. İndi isə təyinat tanışlıq, rüşvət əsasında olur”. Ə.Qəşəmoğlunun fikrincə, artıq hər şey aşkarda baş verir və şəxslər məktəb direktoru, bağça müdiri olmaq üçün nə qədər xərc tələb olunduğunu çox yaxşı bilir: “Bu üsullarla vəzifəyə gələn şəxslər təbii ki, belə davranış sərgiləyəcək. Onlarda hər hansı yüksək keyfiyyətləri axtarmaq da absurddur. Digər tərəfdən, əvvəlki dövrlərdə də bu cür hallar olub, amma gizlədilib. Amma indi informasiya əsri olduğu üçün belə məsələlər olduqca tez yayılır və hər kəs xəbərdar olur”. 

  Sosioloq-alimə görə əgər, bu vəzifələrə layiqli adamlar təbii yollarla təyin olunsa, belə hallar da olmaz.