İndi o dövr deyil, müəllimlər! - “Şagirdə şiddət olmaz” 

“Belə halların qarşısını almaq üçün  məktəb psixoloqları tərəfindən müəllim və şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalı, eyni zamanda, valideynlərlə sıx əlaqə qurumalıdır”

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi barədə iddialar yer alıb. Məktəbdən isə bildirilib ki, yayılmış məlumatlar əsassızdır:“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”.

Xatırladaq ki, ötən həftə də Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Z.Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil  İdarəsi tərəfindən müvafiq araşdırma başladılıb.Direktora “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla  şiddətli töhmət verilib.
Maraqlıdır, təhsil ocaqlarında baş verən belə neqativ halların qarşısını necə almaq olar?

Təhsil eksperti Elçin Əfəndi məktəblərdə yaşanan bu cür xoşagəlməz hallardan “Sherg.az”a danışarkən bildirib ki, təhsil  müəssisələrində müəllimlər və şagirdlər arasında qarşılıqlı hörmət önəmlidir:

 “Burda daha çox müəllimlərin üzərinə məsuliyyət düşür. Onlar pedaqoqdurlar. Hər bir məsələdə təmkinli davranıb, daha səbrli olmalıdırlar. Təəssüf edirəm ki, bəzi şagirdlər tərəfindən də etik davranış çərçivəsindən müəyyən kənara çıxma halları olur. Müəllimlərə qarşı hörmətsizlik dərsi pozma və s. bu hallar olsa belə şiddət tətbiq edilməməlidir”.

Təhsil eksperti bu xüsusda məktəb psixoloqlarının roluna toxunub: 

“Biz şahidi oluruq ki, əksər məktəbdə psixoloq çatışmazlığı var. Dəfələrlə təklif etmişəm, yenə də təklif edirəm ki, orta ümumtəhsil müəssisələrində həftədə bir saat da olsa psixologiya fənni tədris olunsun. Bu, bizim üçün önəmlidir. Ən azından belə olduqda  gələcəkdə baş verəcək  hansısa neqativ halların qarşısını ala bilərik”. 

 E.Əfəndi əvvəlki dövrlərdə təhsil ocaqlarında baş verən şiddət hallarına diqqət çəkib və vurğulayıb ki, o illərdə valideyn övladını məktəbə gətirəndə “əti sənin sümüyü mənim” deyirdi:

 “İndi o dövr deyil. Hər bir valideyn istəyir ki, övladı təhsil alsın, eyni zamanda, ona qarşı heç bir halda şiddət tətbiq edilməsin”.

Ekspertin qənaətincə, belə halların qarşısını almaq üçün  məktəb psixoloqları tərəfindən müəllim və şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalı, eyni zamanda, valideynlərlə sıx əlaqə qurumalıdır:

“Bizsə cəmiyyət olaraq bu yöndə ictimai qınaqdan lazımınca istifadə etməliyik”.