“Çətin tərbiyə olunan şagirdlər xüsusi məktəblərdə təhsil almalıdır” 

Sosial şəbəkələrdə məktəblərdən birində sinifdə şagirdlərin qeyri-etik davranışlarını əks etdirən TikTok videosu yayılıb. Şagirdlərdən kimisi ayağını partanın üzərinə qoyub, kimisi  jurnal yazan müəllimi ələ salıb, kimisi də dahi şəxsiyyətlərin şəkillərini əlində tutaraq oynayıb. Video ayrı-ayrı şəxslər tərəfindən ciddi qınaq obyetinə çevrilib.Təhsil Nazirliyindən verilən açıqlamaya görə,bunun hansı məktəbdə baş verməsi hələlik məlum deyil. Hazırda bu istiqamətdə araşdırma aparılır.   

Təhsil eksperti Kamran Əsədov şagirdlərin videodakı tərbiyəsiz rəftarından “Sherg.az”a danışarkən bildirib ki, hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallarla mütəmadi olaraq qarşılaşmamağımız üçün həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdır: 

“Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdləri  oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir. Məktəbdə nizam-intizamı pozan uşaqların hansı səbəbdən belə olduğunu araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasına yönəldirilməlidir. Təcrübə göstərir ki, çox zaman məktəblərdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsizdir. Görülən tədbirlər bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır. Psixoloq və müəllimlər psixologiyanın məktəb həyatına tətbiqinə diqqət etməlidir”.

Ekspert videodakı görüntülərə diqqət çəkib: 

“Sinif otağında şagirdlərin etdiyi tərbiyəsizliyin Azərbaycan məktəblərində olub-olmaması dəqiq deyil. Amma partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür. Bu Azərbaycanlılara məxsus addır. Şagirdlər məktəbli formasında deyil. Bu hadisələrin dərs prosesində yox dərsdənkənar fəaliyyətdə baş verdiyini göstərir. Şagirdlərin əllərində tutduqları dahilərin şəkilləri yalnız Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya məktəblərində istifadə olunur. Şagirdlərin yararsız hala saldıqları partaları (standartlara cavab verməyən) Azərbaycan,Gürcüstan və Rusiya məktəblərində istifadə edirlər. Amma bu qədər bərbad, tez dağılan partalar ancaq bizdədir. Sinif otağında rəsmi atributlar asılmayıb. Bu məktəbin bizdə olma ehtimalını azaldır. Müəllimin yazdığı jurnal bizim tədris ilində istifadə olunan jurnalların formatında deyil. Sinif otaqlarının divarı bizim çoxsaylı məktəblərin olduğu rəngdə deyil. Bu video  böyük ehtimalla Gürcüstanda təhsil alan  azərbaycanlı şagirdlər tərəfindən hazırlanıb”. 

Təhsil ekspertinin fikrincə, şagirdlərin davranışında olan belə qüsurların qarşısını almaq üçün bir sıra istiqamətləri müəyyənləşdirmək mümkündür: 

“Əvvəla məktəbə yeni daxil olan şagird və onun valideynləri ilə bu uşağa aid bütün sənədlərlə tanış olmaq lazımdır. Bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmaq mütləqdir. Çətin şagirdin kollektivə alışmasına köməklik göstərib, sinif rəhbəri ilə birlikdə onun davranışında mövcud olan qüsurları aradan qaldırmaq planını hazırlamaq olar. Digər tərəfdən davranışında və şəxsiyyətinin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək lazımdır. Əgər lazım  gələrsə, psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə(məs,psixator,həkim və b.)əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar,psixi normalara uyğun gəlməmək halları müəyyənləsdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər”. 

K.Əsədovun fikrincə,artıq məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtıdır:

“Valideyinlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidir. Çünki indi müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”.