“Belə hadisələrdə müəllimin  günahkar sayılması düzgün deyil”

“Axı məktəbə gələn uşaqların tərbiyəsində müəllimdən çox valideynin payı var”

“Belədirsə, nəyə görə valideynə töhmət verilmir? Hər bir işdə müəllimin günahkar sayılması da ədalətli deyil”

“Müəllimin özü ictimai mühitin məhsuludur. Əgər onda problem varsa, bunun günahını  da ictimai mühitdə axtarmaq lazımdır”



Ötən gün sosial şəbəkələrdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlarının əks olunduğu videogörüntülər yayılıb. Araşdırmalar nəticəsində videonun  qeydə alındığı təhsil ocağının Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəb olduğu müəyyən olub. 

Məktəbdən verilən məlumata görə,bununla  bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb. Dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Məsələyə münasibət  bildirən təhsil eksperti Nabatəli Qulamoğlu bu barədə “Sherg.az”a danışıb. O bildirib ki, məktəbdə hər bir şagirdin rahat olması üçün şərait yaradılmalıdır . Amma nəzərdə tutulan rahatlığı tərbiyəsizliklə qarışdırmaq olmaz: 

“Bizdə çox vaxt  şıltaqlıqla tərbiyəsizliyi səhv salırlar. Belə məqamlarda şagirdlərə verilən ən təbii cəza onların  üzr istəməsidir. Həbs edəsi deyilik  ki?! İndi  bu şagirdlərə ağır cəza verilməsini tələb edənlər  nə vaxtsa özlərinin də belə yaş dövründə etdiklərini yada salmalıdır”. 

Təhsil ekspertinin fikrincə, bizim cəmiyyət çox aqressivdir və bu aqressiya məktəblərə də inteqrasiya edib:

 “Mən müxtəlif dövlət idarələrinə getmişəm. Orda ədəbsiz ifadələrin işləndiyinin şahidi olmuşam. Hansı ki bu adamlar daha kübar olmalıdır. Düşünürəm ki, belə olduqda şagirdlərin bu əməlini də çox drammatikləşdirmək olmaz”. 

N.Qulamoğluya  görə  belə  hadisələrdə  istənilən halda  müəllimin  günahkar sayılması düzgün deyil:

 “Axı məktəbə gələn uşaqların tərbiyəsində müəllimdən çox valideynin payı var. Belədirsə, nəyə görə valideynə töhmət verilmir? Hər bir işdə müəllimin günahkar sayılması da ədalətli deyil. Müəllimin özü ictimai mühitin məhsuludur. Əgər onda problem varsa, bunun günahını  da ictimai mühitdə axtarmaq lazımdır”.