Bütün məktəblər sürətli internetlə təmin olunmalıdır

Pedaqoji kadrların İKT üzrə hazırlığı da diqqətdən kənarda qalmamalıdır

"İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir"

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilir. Elektronlaşma, rəqəmsal texnologiyalar təhsil sektorundan da yan keçməyib. Bir neçə il əvvəl ümumtəhsil məktəblərinin internet şəbəkəsinə qoşulması, sinif otaqlarının kompüterlərlə təminatı şagirdlərin müasir texnologiyalara çıxışını təmin etdi. Son illərdə isə bu sahədə işlər daha da sürətlənib. Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır. Hazırda, Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) ümumilikdə 4292 təhsil müəssisəsini əhatə edir. 

Ötən 2021-ci il ərzində 478 təhsil müəssisəsi sürətli fiber-optik bağlantı ilə ATŞ-yə qoşulub. Nəticədə fiber-optik bağlantı ilə şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrinin sayı ümumilikdə 726 müəssisəni əhatə edib. Fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılması, yeni Wi-Fi zonalarının yaradılması, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edib. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq imkanı yaradılıb. Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, internet şəbəkəsinin qurulması və internet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Məsələ ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, burada söhbət ümumtəhsil məktəblərinin sürətli internet şəbəkəsinə nə dərəcədə qoşulmasından gedir: 

- Bir halda ki, ümumilikdə informasiya texnologiyalarına şagirdlərin çıxışından danışırıq, burada əsas məsələ ümumtəhsil məktəblərinin sürətli internet təminatıdır. Azərbaycan Respublikası Prezidenti 2004-cü ildə  ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) təsdiq edilsin. Proqramın baş icraçısı və nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Nazirlər Kabineti də bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Daha sonra 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul edildi. Dövlət Proqramında da açıq şəkildə qeyd olunurdu ki, biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Ötən dövr ərzində təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilib. Təhsil müəssisələrində İKT infrastrukturunun qurulması prosesi aparılıb.  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” qəbul edilib və Dövlət Proqramı qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlib. İKT-nin ümumtəhsil məktəblərinə tətbiqi təkcə şagirdləri nəzərdə tutmur. Pedaqoji kadrların İKT üzrə hazırlığı da diqqət mərkəzində olmalıdır. Burada məsələ informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsidir. Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanmalıdır, xüsusilə də distant təhsil nəzərə alınmalıdır. Pandemiya dövründə müşahidə etdik ki, həm məktəblərin, həm də şagirdlərin internetə çıxışında problemlər yarandı. Sürətli internetdən, ümumiyyətlə danışa bilmirik. 

Məktəbdə 6-dan artıq kompüterin şəbəkəyə qoşulması mümkün olmurdu. Eləcə də distant təhsil formasına keçən şagirdlər dərslərə onlayn qoşulmada xeyli problemlə üzləşirdilər. Eləcə də müəllimlər. Onlayn dərsləri normal şəkildə tədris edə bilmirdi. Tədris proqramlarında axsamalar yaranırdı. Pandemiya hələ bitməyib. Ona görə də bu problemin həlli vacibdir. Müasir dünyada məsafədən təhsil populyardır. Pandemiya oldu, olmadı, distant təhsil getdikcə üstünlük qazanır. Bunun üçün də sürətli, kəsintisiz və keyfiyyətli  internet xidməti təmin edilməlidir. Sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı 726 göstərilib. 4432 ümumtəhsil məktəbin mövcudluğu qarşılığında bu rəqəm kiçik görünür.  Qısa zamanda daha çox ümumtəhsil məktəbinin fiber-optik bağlantıya çıxışına imkan yaradılmalıdır.

 Təhsilimizin gələcəyi, şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığının nə dərəcədə formalaşacağı bundan çox asılıdır.