“Məktəblərdə korrupsiya kök salıb”

“Belə olduğu təqdirdə də istənilən müəllimdən,valideyndən  pul yığılır”

Sosial şəbəkələrdə məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Hadisə Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbində baş verib. Səs yazısına əsasən, direktor Mətanət Məmmədova həmin məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirib.

Bundan sonra direktor müəllimi otaqdan qovub və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyib. Şikayətçi müəllim V.Məmmədova açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib.O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edib.O məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

Təhsil  eksperti  Elçin  Əfəndi  məktəblərin rüşvət  bəlasından “Sherg.az” a danışarkən bildirib ki, bu hal sadəcə Ağstafada deyil respublikanın bütün bölgələrində baş verir: 

“Başlıca səbəb də direktorların qohumluq, tanışılıq ilə işə götürülməsidir. Belə halların qarşısını almaq üçün biz onların işə qəbul prosesində şəffaflıq yaratmalıyıq. Doğrudur, Təhsil Nazirliyi direktorların işə qəbulunda müvafiq imtahanlar keçirir. Amma yenə də kimlərsə tapşırıqla bu vəzifəyə gəlir”.

 Ekspert vurğulayıb ki, uzun müddət azı 15-20 il eyni direktor tərəfindən idarə olununan məktəblər var: 

“Təhsil Nazirliyi belə məqamları diqqətə almalıdır. Bir məktəb direktorunun yeri heç olmasa üç ildən bir dəyişilməlidir. Çünki o bu müddətdən artıq eyni məktəbdə qaldıqda orda şəbəkə formalaşdırır. Ağac kimi kök salır. Belə olduğu təqdirdə də istənilən müəllimdən,valideyndən  pul yığılır”. 

E.Əfəndinin fikrincə,Təhsil Nazirliyi prosesin şəffaflığı üçün müvafiq komissiyalar yaratmalıdır:

“Daimi olaraq məktəblərdə yoxlama  aparılmalıdır. Bu istiqamətdə müəllimlərin dinlənilməsi onların şikayətlərinin qeydə alınması vacibdir. Əks halda elə indiki kimi də davam edəcəyik”.