Yazıqlar olsun!

Müəllimin nüfuzunu qəsdən gözdən salmaqla cəmiyyət heç nə qazanmayacaq

"Deyirlər, şagirdlərə qarşı kobudluq, zorakılıq olmaz. Bəli, olmaz. Bəs müəllimə qarşı kobudluq, hətta zorakılıq edən şagirdlərə qarşı hansı tədbirlər mexanizmi var?"



   Paytaxtdakı 165 nömrəli məktəbdə baş verənlər ətrafında müzakirələr səngimir. Məlum hadisəyə görə fənn müəlliminə töhmət verilməsi isə vəziyyəti  bir az da gərginləşdirib. Əsasən də müəllim müdafiə olunur və töhmət almağı haqq etmədiyi bildirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov  isə töhməti əsaslandırmağa çalışıb. Və sosial şəbəkə hesabında belə  yazıb: 

“Cəmiyyətin bir parçası olan, müəllimi də, şagirdi də, direktoru da cəmiyyətin üzvlərindən ibarət olan məktəbdə baş verən hadisələrə ictimai maraq təbiidir. Bununla belə, bir daha 165 nömrəli məktəbin bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü ilə bağlı görülmüş tədbirlərə aydınlıq gətirməyin lazımlı olduğunu düşündüm. Əziz dostlar, hər birinizin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib. Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir. Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s. Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olurdu. Uşaqlar haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, uşaqlar üzrxahlıq edib. Həmçinin həmin məktəblilər polis tərəfindən müvafiq profilaktiki tədbirlər görülməsi üçün nəzarətə götürülüb”. 

Sektor müdirinin açıqlaması yanan alovu söndürmək əvəzinə daha da alovlandırıb. “Zavallı” müəllimi (nə qədər ağır ifadə olsa da) müdafiə edənlər töhmətin təyinatının düzgün olmadığını qeyd edir, müəllimin günahsız qurban olduğunu deyirlər. Hətta millət vəkili Fazil Mustafa müəllimin hüquqlarını müdafiə etməyə hazır olduğunu bəyan edib. Ümumi fikir budur ki, müəllimi hörmətdən salmaq olmaz. 

Videodan da görünür ki, müəllim artıq “təslim olub”. Böyük ehtimalla şagirdlərin intizamsızlığı birinci hal deyil. “Fağır” müəllimsə şagirdlərin, “dabbaqda gönünə bələddir”, ona görə də daha səsini çıxarmır, başını aşağı salıb, yazı-pozuyla məşğuldur. Elə buna görə də ona töhmət verilir. Başına sinifdə oyun açılan da müəllim, cəzalanan da. Yanan da mən, yaman da! BŞTİ sektor müdirinin açıqlamasındakı “direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir. Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s.” sözlər isə artıq çoxdan sürət almış qatarın uzaqdan görünən tüstüsünə bənzəyir. Məşhur mahnıda deyildiyi kimi “bu qatarın dalınca baxma!”. Əminliklə demək olar ki, məktəblərdə bu cür hadisələr bəlkə də hər gün baş verir. Məktəb direktoru da məlumatlandırılır, valideynlər də. Faydası yoxdur, amma. Çünki bəzi uşaqlara nəzarət itib artıq. Bunun da günahı təkcə müəllimdə deyil. 

Tərbiyə ailədən başlayıb, həyətdə, uşaq bağçasında, məktəbdə davam etməlidir. Nə bəzi valideynlər övladlarına  tərbiyə verə bilir, nə də təhsil müəssisələri uşaqlara. Evdə smartfon əlindən düşməyən uşağın baxdığı “Tik-Tok”dakı əxlaqsız paylaşımlardır. Biri elə bu günlərdə sosial şəbəkələrdə “çarşab-çarşab” nümayiş olunan həmin video. Nə qədər uşaq baxıb ona. Eləsi var, fikriləşir ki, biz də sinifdə belə edək!.. Sosial şəbəkənin qarşısını almaq mümkün deyil. Tamam. Evdə uşağı smart fondan ayırmaq da mümkün deyil? Ya bunu etməyə ana-ataların həvəsi, marağı yoxdur?  Uşaq nədi ki! İndi yekə-yekə kişilər, qadınlar telefona sarılıb “iqra” oynayır. Bunu görən uşaq nə edəcək ki?!  Daim deyilir, kompleks tədbirlər görülməlidir, bunu da zəhmət çəksin, əlaqədar qurumlar düşünsün.  Birini biz deyək: sinifdə, dərs saatında  mobil telefondan istifadə qadağan edilməlidir. Valideynlərin “biz bilməliyik uşaq nə vaxt dərsdən çıxır, hardadır” tipində şüvənliklərinə də məhəl qoymaq lazım deyil. Sinifdə uşaq dərsiylə məşğul olsun, telefonlar da müəllim otağında, ya da başqa etibarlı yerdə saxlansın. Allah eləməmiş bir hadisə baş verərsə, telefonla əlaqə saxlansın. Şagird məktəbi tərk edəndə telefonu özünə qaytarılsın. Məlum məsələdir, bununla nə təhsilin, nə məktəbin, nə də müəllimin nüfuzu qalxmayacaq. Nüfuzsuzluğun kökləri çox dərinə gedib artıq. Amma heç olmasa şagirdin diqqəti dərsdə olar, mobil telefonda yox. Eybəcər videolar da paylaşılmaz.

Töhmət verilən müəllimə isə hüquqlarını müdafiə edə bilər. Bu barədə “Şərq”ə  hüquqşünas Ələsgər Məmmədli danışdı: 

- Məktəbdə baş verənlər çox üzücü hadisədir. Ancaq burada müəllimi cəzalandırmaq məsuliyyətdən yayınmaqdır. Baş vermiş hadisədə ən müdafiəsiz tərəf müəllimdir. Amma cəzanı məhz ona verirlər. Burada bir müəllim deyil, məktəbin rəhbərliyi məsuliyyət daşıyır.  Bütün günahı müəllimin üzərinə yükləmək düzgün deyil. Amma asan yol seçiblər və müəllimi cəzalandırmaqla məsələni bağlamaq yolunu tutublar.  Müəllimi bu dərəcədə nüfuzdan, hörmətdən salmaq olmaz. Bu, cəmiyyətimizə yaxşı nəsə qazandırmayacaq.

 Hamımız görürük ki, müqəddəs müəllim peşəsi necə nüfuzdan düşür. Müəllim valideyn puluyla dolanan təbəqəyə çevrilib. Bu, cəmiyyətə yaxşı bir şey vəd etmir. Əksinə, meyarların itirilməsinə yol açır. 
Ə.Məmmədli töhmət almış müəllimənin hüquqlarını qorumağa tamamilə haqqı çatdığını dedi: “Müəllimə əsassız töhmət almasıyla bağlı Təhsil Nazirliyinə müraciət etməlidir. Həmçinin də hüquqlarının pozulmasıyla bağlı məhkəmə qarşısında iddia qaldıra da bilər”.

Deməli, səbrli davranan müəlliməyə töhmət verilir. Görəsən, o müəllimə şagirdlərlə kobud davransaydı, nə olacaqdı?
 Cinayət işi açılacaqdı? Deyirlər, şagirdlərə qarşı kobudluq, zorakılıq olmaz. Bəli, olmaz. Bəs müəllimə qarşı kobudluq, hətta zorakılıq edən şagirdlərə qarşı hansı tədbirlər mexanizmi var? 

Uşaqlar yetkinlik yaşında çatmayıbsa, məsuliyyətdən kənardılar. O zaman valideynləri məsuliyyətə cəlb edilsin. Bəlkə o zaman valideyn uşağının dərsini özü verər.